Qurban Bayramov vəfat etdi

4 günlük bayram tətilində Azərbaycanda haralara getmək olar?

Noyabr ayında qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq ölkədə 7, 8, 9 və 10 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olacaq. Dörd günlük tətil vətəndaşlara payızın son günlərində şəhər səs-küyündən uzaqlaşmaq, ailə üzvləri ilə birlikdə istirahət etmək və Azərbaycanın müxtəlif bölgələrinə səyahət etmək imkanı yaradacaq.

Bayram günlərinin payız mövsümünə təsadüf etməsi ölkədaxili turizmə marağı daha da artırır. Xüsusilə şimal-qərb bölgəsinin rəngarəng payız mənzərələri, cənubun mülayim iqlimi, dağlıq ərazilərin təbiəti və Qarabağın tarixi-mədəni irsi bu günlərdə səyahət planlaşdıranlar üçün cəlbedici istiqamətlər hesab olunur.

Turizm eksperti Samir Dübəndi Modern.az-a açıqlamasında bildirib ki, payız mövsümündə ölkədaxili səyahətlər üçün ən çox maraq doğuran istiqamətlər arasında Qəbələ, İsmayıllı, Quba, Qusar, Şəki, Qax və Zaqatala xüsusi yer tutur.

Onun sözlərinə görə, bu bölgələr zəngin təbiəti, payız mənzərələri, tarixi-mədəni irsi, milli mətbəxi və müxtəlif istirahət imkanları ilə seçilir. Dörd günlük tətil ailəvi istirahət, ekoturizm, kənd turizmi və qısa mədəni-dərketmə turları üçün kifayət qədər əlverişlidir.

Ekspert vətəndaşlara yalnız ənənəvi turizm mərkəzləri ilə məhdudlaşmamağı da tövsiyə edib. O qeyd edib ki, Lənkəran–Astara bölgəsinin subtropik təbiəti və Hirkan meşələri, Gəncə–Göygöl istiqamətinin təbii və tarixi zənginliyi, Naftalanın sağlamlıq turizmi imkanları da maraqlı alternativlərdir. Xüsusilə Zəfər Günü ərəfəsində Şuşaya, Xankəndiyə və Qarabağın digər ziyarətə açıq ərazilərinə səfərlər həm turizm, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıya bilər. Bununla belə, həmin ərazilərə səfər zamanı mövcud icazə və təhlükəsizlik qaydalarına əməl olunmalıdır.

Belə bayram tətilləri turizm axınının ölkənin müxtəlif regionları arasında daha balanslı bölüşdürülməsi üçün yaxşı fürsətdir. Səyahətçilər hava şəraitini, nəqliyyat imkanlarını, qiymətləri və xidmət keyfiyyətini əvvəlcədən nəzərə almalı, mümkün qədər yerli qonaq evlərinə, kənd turizmi obyektlərinə və kiçik sahibkarlara üstünlük verməlidirlər.

O hesab edir ki, bu yanaşma həm vətəndaşların xoş istirahət etməsinə, həm də regionların iqtisadi inkişafına töhfə verə bilər.