Qurban Bayramov vəfat etdi

2030-cu ilə qədər qadınların 45 faizi ailə qurmayacaq: Səbəblər nədir?

"Morgan Stanley"in proqnozuna görə, 2030-cu ilədək 25-44 yaş arası qadınların təxminən 45 faizi subay və övladsız olacaq. Bunun əsas səbəblərindən biri müasir qadınların gənc yaşda ailə qurmağa əvvəlki qədər maraq göstərməməsidir. Onlar karyeraya, maliyyə müstəqilliyinə və şəxsi inkişafa daha çox üstünlük verirlər.

Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında bildirib ki, müasir sistem ailə institutunun zəifləməsinə təsir göstərir:

"Çünki müasir kapitalist sistem hər bir insana - istər kişi, istərsə də qadın olsun - hədsiz müstəqillik, sərbəstlik və azadlıq verir. İnsan nə qədər sərbəst olmağa çalışırsa, bir o qədər məsuliyyət qəbul etmək istəmir. Ailə isə öhdəlik və məsuliyyət deməkdir. İnsan məsuliyyətdən qaçır, sərbəst, müstəqil və azad yaşamaq istəyir. Heç bir məsuliyyəti, öhdəliyi olmasın. Ona görə də bu proqnozla tamamilə razıyam. Təəssüf ki, bu tendensiya Azərbaycanda da başlayıb. Həm qadınlar, həm də kişilər arasında ailə qurmaq istəməyənlərin sayı artır. Onlar ailəni rahat həyata maneə kimi görürlər”.

Sosioloqun sözlərinə görə, bu tendensiya nəticəsində əhalinin artım tempi zəifləyir, bəzi ölkələrdə isə əhali sayı tədricən azalır:

"Avropada və Rusiyada da vəziyyət belədir. Azərbaycanda da bu tendensiya müşahidə olunmağa başlayıb. Ailə olmayan yerdə uşaq doğulmayacaq. Vətəndaş nikahı şəraitində də uşaqlar dünyaya gəlir. Amma belə münasibətlərdə uşaqların sayı, adətən, daha az olur. Vətəndaş nikahında yaşayan cütlüklərin uşaq sahibi olmaq motivasiyası yüksək olmur. Uşaqları olsa belə, çox vaxt bir övladla kifayətlənirlər. Rəsmi nikahda isə iki-üç uşaq sahibi olmaq motivasiyası daha yüksəkdir".