Bakıda tikinti və şəhərsalma qaydalarına nə dərəcədə əməl olunur?

Şəhərin bir çox ərazisində köhnə binaların yerində yeniləri tikilir, əvvəllər yaşayış olmayan yerlərdə isə yeni komplekslər salınır.

Ancaq binaların sayının artması həmin ərazilərdə yaşayan insanların gündəlik problemlərini də gündəmə gətirir. Bəzi yerlərdə sakinlər yol, tıxac, məktəb, uşaq bağçası və ictimai nəqliyyatla bağlı çətinliklərlə üzləşirlər.

Bununla yanaşı, avtomobillərin sayı artdığı halda, parkinq yerlərinin çatışmazlığı da ciddi problemə çevrilir. Yeni binalar tikilsə də, ətraf infrastrukturun bu artıma uyğunlaşdırılmaması sakinlərin həyatını çətinləşdirir.

Bəs Bakıda yeni yaşayış kompleksləri inşa edilərkən bu məsələlər nə dərəcədə nəzərə alınır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, Bakıda yeni yaşayış binalarının və komplekslərinin tikintisinin genişlənməsi, ilk növbədə, şəhərin inkişafı, mənzilə olan tələbatın artması və köhnəlmiş yaşayış fondunun yenilənməsi baxımından müsbət prosesdir:

"Lakin burada çox mühüm bir məqam var ki, şəhərin inkişafını yalnız tikilən binaların sayı, mərtəbələrin hündürlüyü və mənzillərin kvadratmetri ilə ölçmək düzgün deyil.

Əsl şəhərsalma insanların həmin binalarda necə yaşayacağı, gündəlik ehtiyaclarını nə dərəcədə rahat ödəyə biləcəyi və ətraf mühitin bu yaşayış yükünü nə qədər qarşılaya biləcəyi ilə qiymətləndirilməlidir.

Bu məsələlər dövlətin şəhərsalma siyasətində də nəzərdə tutulub. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” paytaxtdı məhz çoxmərkəzli şəhər modeli əsasında qurmağı, nəqliyyat və sosial infrastrukturu genişləndirməyi, ərazilərdən kompleks istifadəni və dayanıqlı şəhər mühitinin formalaşdırılmasını hədəfləyir.

Bundan başqa, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də mövcud problemlərin rəsmi səviyyədə qəbul olunduğunu və onların həlli istiqamətində tədbirlərin nəzərdə tutulduğunu göstərir".

Onun sözlərinə görə, hazırda məlum proqramda maraqlı bir statistik göstərici də var:

"Son 20 ildə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-yə yüksəlib. Bu artım nəqliyyat sisteminə düşən yükün nə qədər ciddi olduğunu göstərir.

Proqramda ictimai nəqliyyatın genişləndirilməsi, yeni metro stansiyalarının tikintisi, avtobus zolaqlarının yaradılması və yol şəbəkəsinin təkmilləşdirilməsi kimi tədbirlər nəzərdə tutulur. Lakin burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, strateji sənədlərin və inkişaf planlarının mövcudluğu hələ bütün problemlərin həll edildiyi demək deyil.

Əsas məsələ bu planların ayrı-ayrı yaşayış massivlərində, tikinti layihələrində və gündəlik şəhər həyatında nə dərəcədə real şəkildə tətbiq edilməsidir. Başqa sözlə, ümumi şəhərsalma konsepsiyası ilə konkret ərazidə həyata keçirilən tikinti arasında ciddi əlaqələndirmə olmalıdır".

O vurğulayıb ki, yeni yaşayış kompleksləri inşa edilərkən ərazinin nəqliyyat yükü əvvəlcədən hesablanmalı, giriş-çıxış yollarının buraxılış qabiliyyəti müəyyənləşdirilməli, ictimai nəqliyyatın əlçatanlığı qiymətləndirilməlidir:

"Zərurət olduqda yeni yol bağlantıları, avtobus marşrutları və təhlükəsiz piyada keçidləri də tikinti layihəsinin ümumi planlaşdırılmasının tərkib hissəsi olmalıdır. Parklanma məsələsi də xüsusi diqqət tələb edir.

Çünki binanın altında və ya həyətində nəzərdə tutulan parkinq yerləri sakinlərin real avtomobil tələbatına uyğun gəlmədikdə, problem avtomatik olaraq küçələrə və ətraf məhəllələrə ötürülür. Nəticədə səkilər, giriş yolları və ictimai məkanlar avtomobillər tərəfindən zəbt olunur.

Bu baxımdan, 2026-cı ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi yeni parklanma tələblərini mühüm addım hesab etmək olar.

Həmin tələblərə əsasən, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün ən azı bir parklanma yerinin, sahəsi 180 kvadratmetr və daha çox olan mənzillər üçün isə 1,3 parklanma yerinin nəzərdə tutulması tələb edilir.

Parklanma yerlərinin ən azı 50 faizinin yeraltı təşkil edilməsi də nəzərdə tutulur. Digər mühüm məsələ sosial infrastrukturla bağlıdır.

Yeni yaşayış komplekslərində əsasən mənzil satışı və tikintinin kommersiya tərəfi ön plana çıxır. Halbuki həmin binalarda yaşayacaq ailələrin məktəbə, uşaq bağçasına, poliklinikaya, aptekə, istirahət və idman məkanlarına ehtiyacı var.

Hesab edək ki, bir ərazidə qısa müddət ərzində bir neçə min yeni mənzil tikilir və oraya minlərlə insan köçür. Əgər həmin ərazidə məktəb və uşaq bağçası imkanları əvvəlcədən artırılmayıbsa, mövcud təhsil müəssisələrində şagird sıxlığı yaranacaq.

Valideynlər uşaqlarını başqa ərazilərdəki məktəblərə aparmaq məcburiyyətində qalacaq, bu isə əlavə nəqliyyat yükü yaradacaq".

Ekspert qeyd edib ki, bir problemin həll edilməməsi digər problemi də dərinləşdirir:

"Məktəb çatışmazlığı nəqliyyat yükünü artırır, nəqliyyat yükü tıxacları gücləndirir, tıxaclar isə insanların gündəlik həyatına və iş məhsuldarlığına mənfi təsir göstərir. Ona görə də yeni yaşayış massivlərinin salınması zamanı sosial infrastrukturun tutumu gələcək sakinlərin sayına uyğun hesablanmalıdır.

Məktəb və uşaq bağçalarının tikintisi sonradan həll ediləcək məsələ kimi deyil, yaşayış layihəsinin ilkin mərhələsindən nəzərdə tutulan zəruri komponent kimi qəbul edilməlidir".

Ekspert hesab edir ki, bu sahədə bir neçə prinsipial dəyişiklik vacibdir:

"Birincisi, tikintiyə icazə verilərkən ərazinin infrastruktur imkanları əsas meyarlardan biri olmalıdır. Yəni yalnız torpaq sahəsinin təyinatı, binanın mərtəbə sayı və tikinti göstəriciləri deyil, həmin ərazinin əlavə əhali yükünü qarşılamaq imkanları da qiymətləndirilməlidir.

İkincisi, hər iri yaşayış layihəsi üzrə kompleks infrastruktur qiymətləndirilməsi aparılmalıdır. Buraya nəqliyyat axınının təhlili, məktəb və bağça ehtiyacları, parklanma, su, kanalizasiya, elektrik təchizatı, yaşıllıq sahələri və digər kommunal imkanlar daxil edilməlidir.

Üçüncüsü, tikinti şirkətlərinin məsuliyyəti daha konkret müəyyənləşdirilməlidir. Söhbət bütün sosial və kommunal infrastrukturun maliyyələşdirilməsinin özəl şirkətlərin üzərinə qoyulmasından getmir. Lakin iri layihələrin həyata keçirilməsində investor, aidiyyəti dövlət qurumları və yerli idarəetmə strukturları arasında aydın öhdəlik bölgüsü olmalıdır.

Dördüncüsü, yeni yaşayış kompleksləri mövcud şəhər mühitindən təcrid olunmuş formada layihələndirilməməlidir. Kompleksin daxilində müasir həyət, yeraltı qaraj və yaşıllıq sahəsinin olması kifayət deyil. Sakin həmin kompleksdən çıxarkən rahat və təhlükəsiz şəkildə avtobus dayanacağına, metroya, məktəbə, ticarət və xidmət obyektlərinə çata bilməlidir.

Beşincisi, ictimai nəzarət və şəffaflıq gücləndirilməlidir. İri yaşayış layihələrinin əraziyə təsiri barədə məlumatlar ictimaiyyət üçün əlçatan olmalı, sakinlərin və mütəxəssislərin rəyləri planlaşdırma prosesində nəzərə alınmalıdır".