Tarix boyu ədalətin tərəzi oxu güclülərin maraqlarına görə əyilsə də, bəzi həqiqətlər var ki, onları heç bir siyasi manipulyasiya, heç bir pullu lobbi fəaliyyəti ört-basdır edə bilməz. Bu gün bəzi Qərb paytaxtlarında ermənipərəst dairələrin rəhbərliyi altında aparılan çirkin kampaniyalar məhz belə bir uğursuz cəhddir. Azərbaycan torpaqlarında separatizmi alovlandıran, terroru və qanunsuz silahlı dəstələri maliyyələşdirən, bütöv bir regionu humanitar fəlakətə sürükləyən Ruben Vardanyan və onun bənzəri olan müharibə cinayətkarları bu gün beynəlxalq ictimaiyyətə "siyasi qurban" kimi sırınmağa çalışılır.
Bəs real qurbanlar kimlərdir? Qərbin dəbdəbəli salonlarında insan hüquqlarından dəm vuranlar niyə onilliklər boyu etnik təmizləməyə məruz qalan, ev-eşiyindən didərgin düşən minlərlə azərbaycanlının fəryadını eşitmədi? Bu gün Azərbaycan vətəndaş cəmiyyətinin – şəhid ailələrinin, itkin düşmüş şəxslərin yaxınlarının, mina terrorundan şikəst qalan soydaşlarımızın yaydığı Açıq Məktub sadəcə bir etiraz sənədi deyil; bu, Qərbin ikiüzlü və riyakar siyasətinin ifşası, karlaşan vicdanına endirilən hüquqi və mənəvi şillədir!
Biz bəzi həqiqətləri həqiqətə göz yumanlara təkrar-təkrar xatırlatmaq məcburiyyətindəyik. Ermənistanın hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsindən bəri 4 mindən çox azərbaycanlının taleyi hələ də naməlumdur. Onların ailələri düz 30 ildir ki, hər qapı döyüləndə bir ümidlə diksinirlər. Ötən il dünyasını dəyişən Elmira Dadaşova kimi analarımız, itkin düşmüş övladının bircə xəbərini belə ala bilmədən, bu dünyanın ən ağır daxili əzabları ilə köçdülər. Lemkin İnstitutu, ABŞ Konqresinin bəzi birtərəfli üzvləri, Böyük Britaniya parlamentinin ermənipərəst deputatları niyə Elmira anaların mənəvi fəlakətinə kor qaldılar? Bu gün torpaqlarımızda basdırılmış minaların qurbanı olan 3400-dən çox insanın ağrısı niyə onun hesabatlarında yer almır? Cavab sadədir: Çünki həqiqət onların siyasi maraqlarına və aldıqları qrantlara xidmət etmir.
Azərbaycan beynəlxalq hüququn diktə etdiyi fundamental normalara əsaslanaraq öz suveren ərazilərində qanunun aliliyini təmin edib. Bu gün Bakıda ədalət mühakiməsi qarşısında cavab verən hər bir cani öz layiqli cəzasını çəkməkdədir. Heç bir kənar dövlətin, heç bir beynəlxalq təsisatın Azərbaycanın bu suveren hüququna müdaxilə etməyə, daxili qanunvericiliyimizi şübhə altına almağa mənəvi və hüquqi haqqı yoxdur. ABŞ Prezidenti Donald Trampa və digər dünya liderlərinə ünvanlanan müraciətlər də bir daha göstərir ki, Azərbaycan xalqı bu mövzuda monolit bir iradəyə malikdir.
2025-ci ilin avqust ayında Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması ilə regionda yeni bir dövr başlayıb. Azərbaycan hər zaman sülhün və sabitliyin tərəfdarı olub. Lakin Cənubi Qafqazda davamlı sülh yalnız və yalnız keçmişdə törədilmiş ağır müharibə cinayətlərinə dürüst hüquqi qiymət verildiyi zaman mümkündür. Canilərin azadlığa buraxılması sülhə deyil, revanşizmə və yeni fəlakətlərə xidmət edər. Əsl qurbanların tapdanmış hüquqları bərpa olunmadan, qatillər cəzasını çəkmədən qurulan sülh masası natamamdır. Biz ədalət tələb edirik və bu tələbimizdən bir addım da geri çəkilməyəcəyik!
Emin Tarverdiyev