ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Donald Tramp administrasiyasının Ukraynaya münasibətdə siyasətini kəskin tənqid edib. O, Vaşinqtonun hərbi və kəşfiyyat dəstəyini azaltmasının Rusiya Prezidenti Vladimir Putinin mövqelərini gücləndirdiyini bildirib.
MilliYol.az xəbər verir ki, Klinton “The New York Times” qəzetində dərc olunan məqaləsində ABŞ Konqresini Ukraynaya təcili olaraq “Patriot” hava hücumundan müdafiə raketləri, kəşfiyyat məlumatları və digər yardımların çatdırılmasını təmin etməyə çağırıb.
Keçmiş dövlət katibinin fikrincə, Tramp Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putinlə görüşündə Ukraynadakı müharibə ilə bağlı daha sərt mövqe nümayiş etdirməli idi. O, Rusiya prezidentindən mülki əhalinin bombalanmasını, enerji və su infrastrukturuna hücumları dayandırmağı tələb etməli, Si Cinpini isə Moskvanın hərbi potensialına dəstəyin nəticələri barədə xəbərdar etməli idi.
Klinton hesab edir ki, Tramp Putinə Ukraynanı qış soyuqları qarşısında müdafiəsiz qoymaq və əhalini təslim olmağa məcbur etmək cəhdlərinin nəticə verməyəcəyini açıq şəkildə bildirməliydi. Lakin onun sözlərinə görə, ABŞ prezidenti bu addımların heç birini atmayıb. Klinton həmçinin Trampın sammitdən sonra mətbuat konfransı keçirməməsini də tənqid edib.
ABŞ-ın hərbi dəstəyi ilə bağlı narahatlıq
Klinton son aylarda Ukraynaya Amerika yardımının zəiflədiyini də vurğulayıb. Onun sözlərinə görə, Pentaqon hava hücumundan müdafiə üçün vacib raketlərin tədarükünü ləngidib, Kiyevin “Starshield” hərbi peyk rabitəsinə və Rusiyanın planlaşdırdığı raket zərbələri barədə kəşfiyyat məlumatlarına çıxışında fasilələr yaranıb.
Keçmiş dövlət katibi bu siyasətin Putini daha da cəsarətləndirdiyini və onun sülh naminə güzəştə getmək istəyini azaltdığını düşünür.
Klinton Rusiyanın cəbhədə ciddi irəliləyiş əldə edə bilmədiyi üçün mülki infrastruktura hücumları artırdığını da bildirib. Onun istinad etdiyi Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, Rusiya ordusu bu ilin ilk 10 ayında Ukraynada cəmi 46 kvadrat mil ərazini ələ keçirib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 1874 kvadrat mil olub.
“Patriot” raketlərinin çatışmazlığı əsas problemdir
Klintonun diqqət çəkdiyi məsələlərdən biri də Ukraynanın ballistik raketlərə qarşı müdafiə imkanlarının məhdud olmasıdır. Onun sözlərinə görə, Ukrayna ordusu reaktiv dronları və qanadlı raketləri zərərsizləşdirmək üçün müəyyən üsullar hazırlasa da, ballistik raketlərə qarşı tam effektiv milli həll hələ mövcud deyil. Yeni texnologiyanın isə 2027-ci ilin ortalarından tez hazır olmayacağı ehtimal edilir.
Klintonun yazdığına görə, Ukrayna kəşfiyyatı Rusiyanın ayda təxminən 110 ballistik raket istehsal edə bildiyini qiymətləndirir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Tramp administrasiyasının “Patriot” raketlərinin tədarükünü ayda orta hesabla 12 ədədə qədər yavaşlatdığını bildirib.
Keçmiş dövlət katibi ABŞ administrasiyasına 2024-cü ildə Co Bayden dövründə tətbiq edilən mexanizmi xatırladıb. Həmin vaxt digər ölkələrə satılması nəzərdə tutulan bəzi “Patriot” raketləri Ukraynaya yönləndirilmişdi. Klinton hesab edir ki, Vaşinqton Kiyevə raket verən dövlətlərə sonradan yeni istehsal olunmuş sursatlarla kompensasiya təklif edə bilər.
Məqaləsinin sonunda Klinton Konqresi Tramp administrasiyasından Ukraynaya kəşfiyyat dəstəyinin davam etdirilməsini, “Patriot” raketlərinin tədarükü üçün konkret qrafik hazırlanmasını və “Starlink” imkanlarına çıxışın genişləndirilməsini tələb etməyə çağırıb. O, həmçinin qarşıdan gələn qışda mümkün humanitar böhranın qarşısını almaq üçün yardımın artırılmasını vacib sayıb.
“İndi sakitləşdirmək yox, hərəkətə keçmək vaxtıdır”, – Klinton fikrini bu sözlərlə yekunlaşdırıb.



































