Hacıqabulda zəlzələ oldu

Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edildi (YENİLƏNİB)

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib.

MilliYol.az xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib.

Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Prezidenti Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 19 noyabr 2026-cı ildə Şençjendə görüşüblər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkili və ev sahibliyi üçün Çinə minnətdarlıqlarını bildiriblər. Üç dövlət başçısı mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb və strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bildiriblər.

Bəyannamədə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik kimi əsas missiyasını yerinə yetirə bilməsi üçün islahat aparmaq öhdəliklərini ifadə ediblər.

“Üç dövlət bütün ölkələrin rifahı üçün emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar sabit enerji təchizatının vacibliyini bir daha təsdiqləyiblər.

Üç dövlət başçısı dövlətlərin razılığı prinsipinin və dövlət məmurlarının toxunulmazlıqlarına hörmətin fundamental olduğunu qeyd edir və Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməsi barədə razılığa gəliblər.

Üç dövlət başçısı nüvə müharibəsinin qazanıla bilməyəcəyini və heç vaxt aparılmamalı olduğunu bir daha təsdiqləyib. Üç ölkə nüvə risklərini azaltmaq və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün dialoqa girəcək”, deyə sənəddə bildirilib.

14.00

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb.

MilliYol.az xəbər verir ki, görüş bir saat yarım davam edib.

12.30

Şençjendə ABŞ, Çin və Rusiya liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putinin üçtərəfli görüşü başlayıb.

MilliYol.az xəbər verir ki, danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilir.

Bu, üç liderin qeyd olunan formatda ilk rəsmi görüşüdür.

Gündəlikdə beynəlxalq təhlükəsizlik və nüvə tərksilahı məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir. Bundan başqa, liderlər İran ətrafındakı vəziyyətə, Ukraynadakı müharibəyə və ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə də toxuna bilərlər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp nüvə silahlarının azaldılmasını müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Vaşinqtonda qeyd ediblər ki, danışıqların mövzularından biri İran ətrafındakı vəziyyət olacaq.

Ötən gün APEC sammiti çərçivəsində Si Cinpin və Vladimir Putin ikitərəfli danışıqlar aparıb və Rusiya-Çin əməkdaşlığını gücləndirmək niyyətlərini təsdiqləyiblər. Daha sonra onlara Donald Tramp da qoşulub: liderlər sammit iştirakçılarının rəsmi qəbulu mərasimindən əvvəl bir-birini salamlayıblar.

Həmçinin Tramp bu gün Si Cinpin və Putinlə ayrı-ayrılıqda görüş keçirib. Liderlər danışıqların yekunlarından məmnunluqlarını ifadə ediblər.

"Reuters"in məlumatına görə, üçtərəfli danışıqlara bir saat vaxt ayrılıb. Rusiya daha əvvəl birgə bəyanatın layihəsi ilə bağlı təkliflərini Çinə təqdim etsə də, tərəflərin yekun sənədi razılaşdıra bilib-bilməyəcəyi hələlik məlum deyil.