2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azdır.
Bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Azərbaycana gələnlər arasında ən böyük pay Rusiya (26,6 faiz), Türkiyə (19,4 faiz) və İran (7,6 faiz) vətəndaşlarının olub. Gürcüstan vətəndaşları gələnlərin 4,9 faizini, Qazaxıstan vətəndaşları isə 4,6 faizini təşkil edib.
Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 faiz artaraq 111,5 minə, MDB ölkələrindən gələnlərin sayı isə 5,5 faiz artaraq 781,4 minə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 31,5 faiz azalaraq 241,6 min, digər ölkələrdən gələnlərin sayı isə 3,1 faiz azalaraq 946,3 min nəfər olub.
Azərbaycana gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib. Gələnlərin 73,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Yanvar–oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub. Gedənlərin 43,7 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13,2 faizi Gürcüstana, 4,9 faizi İrana, 23,6 faizi isə digər ölkələrə səfər edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,2 faiz, Türkiyəyə gedənlərin sayı 2,2 faiz artıb. İrana gedənlərin sayı 47,9 faiz, Rusiyaya gedənlərin sayı 1,9 faiz, digər ölkələrə gedənlərin sayı isə 1,1 faiz azalıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib. Onların 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.






























