Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev ev dustaqlığına buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Məhkəməsi onun xəstəliyini nəzərə alaraq, ev dustaqlığına buraxılmasına dair qərar çıxarıb.
Qeyd edək ki, E.Əliyev bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə o saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 162-1.1, 177.2.3 və 178.4-cü maddələri ilə ittiham elan edilib.
Elsevər Əliyevlə yanaşı onun həyat yoldaşı da külli miqdarda dələduzluqda ittiham edilir. Onların vətəndaşdan bağ evi tikintisi üçün 889 min manat pul aldığı, vəsaitin yarıdan çoxunu ələ keçirdikləri bildirilir.
Qeyd edək ki, daha əvvəl E.Əliyev barəsində araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib.






























