Məzunların 3,2 faizi ixtisası sırf öz marağına görə seçib - DİM sədri

İxtisas seçimində ailəsinin istəklərini və digər xarici şərtləri daha çox nəzərə alan gənclər imtahan zamanı daha çox stres və təzyiq hiss etdiklərini bildiriblər.

MilliYol.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu barədə “Facebook” hesabında paylaşım edib.

O, DİM-in psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra aparılmış “Abituriyent imtahanı necə qavrayır?” adlı araşdırmanın nəticələrinə diqqət çəkib.

Sorğuda iştirak edən cari il məzunlarının 3,2 faizi ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb. Respondentlərin 41,8 faizi şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib.

Məzunların 31,2 faizi seçimində daha çox ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər xarici şərtlərə əsaslanıb. İştirakçıların 23,4 faizi isə karyera, status və gəliri önə çəkən praqmatik qrupa aid olub.

M.Abbaszadə vurğulayıb ki, yalnız 3,2 faizin sırf şəxsi maraqlarını əsas götürməsi digər gənclərin öz maraqlarını nəzərə almadığı anlamına gəlmir. Nəticələr ixtisas seçiminin əksər hallarda bir neçə amilin təsiri altında formalaşdığını göstərir.

Onun sözlərinə görə, ailəsinin istəklərini və xarici şərtləri daha çox nəzərə alan gənclər imtahanı da daha çətin qavradıqlarını bildiriblər.

“Biz gənclərə gələcək peşələrini seçməkdə kömək edirik, yoxsa bəzən öz gözləntilərimizi onların seçimlərinə çeviririk?” – DİM sədri qeyd edib.

M.Abbaszadə valideynlərin övladlarının gələcəyini düşünməsinin təbii olduğunu, lakin gənclərin maraq, qabiliyyət və istəklərinin arxa plana keçməməli olduğunu vurğulayıb:

“Biz gənclərdən ‘Neçə bal toplamısan?’ və ‘Hansı ixtisasa qəbul olacaqsan?’ suallarını soruşduğumuz qədər, ‘Sən özünü gələcəkdə hansı işdə xoşbəxt hiss edərsən?’ sualını da soruşmalıyıq”.