Xırdalan şəhərində 10 ildən artıqdır istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binasının üzərində əlavə iki mərtəbənin inşası ilə bağlı yeni təfərrüatlar məlum olub.
Musavat.com-un əldə etdiyi məlumata görə, “Abşeron A1” MTK-ya məxsus, illər əvvəl sakinlərin istifadəsinə verilmiş 13 mərtəbəli yaşayış binasında əlavə tikinti işlərinə başlanılıb. Tikintinin mövcud şəhərsalma norma və qaydalarına uyğunluğu isə ciddi suallar doğurur. Məlumata əsasən, şirkət müvafiq dövlət qurumlarına müraciət edərək binada dam örtüyünün quraşdırılması üçün razılıq istəyib. Məsələdən Abşeron Rayon İcra Hakimiyyəti də məlumatlı olub.
İcra hakimiyyəti şəhərsalma norma və qaydalarına riayət olunması şərtilə binada mansard tikintisinə razılıq verib. Lakin sonradan qurumda mansardın iki mərtəbədən ibarət olacağından xəbərdar olmadıqlarını bildiriblər. Diqqətçəkən digər məqam şirkətin bir qrup sakin adından Fövqəladə Hallar Nazirliyinə ünvanladığı məktublardır. Həmin məktublarda sakinlərin 13 mərtəbəli binanın üzərində texniki mərtəbənin tikilməsinə etiraz etmədikləri göstərilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxs tərəfindən də şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunması şərtilə yenidənqurma işlərinin aparılmasına razılıq verildiyi bildirilir. Lakin əldə olunan məlumatlar və tikintinin faktiki vəziyyəti arasında bir sıra ziddiyyətli məqamlar ortaya çıxır.

İlk növbədə, 10 ildən artıqdır yaşayışa təhvil verilmiş binada dam örtüyünün məhz indi inşa edilməsinə hansı zərurət yaranıb?
Rəsmi qurumlara təqdim edilən müraciətlərdə eyni tikinti ilə bağlı müxtəlif - “dam örtüyü”, “texniki mərtəbə” və “mansard” ifadələrinin işlədilməsi nə ilə izah olunur?
Ən mühüm sual isə budur: müraciət və razılıq sənədlərində bir mərtəbədən bəhs edildiyi halda, faktiki olaraq iki mərtəbənin inşası hansı hüquqi əsasla həyata keçirilir?
Digər diqqətçəkən məqam pəncərələri olan və “dam örtüyü” kimi təqdim edilən konstruksiyanın yaşayış kompleksindəki bir deyil, iki binanın üzərində inşasının nəzərdə tutulmasıdır. Belə olan halda, kompleksin digər binalarının dam örtüyünün yenilənməsinə niyə ehtiyac duyulmur?
Bütün bunlar aparılan işlərin həqiqətən dam örtüyünün yenilənməsi, yoxsa mövcud yaşayış binalarının mərtəbə sayının artırılması məqsədi daşıdığı barədə suallar yaradır.
Ümid edirik ki, aidiyyəti dövlət qurumları bu suallara aydınlıq gətirəcək, tikintiyə verilmiş razılıqların hüquqi əsasları, faktiki aparılan işlərin təsdiqlənmiş layihəyə uyğunluğu və binanın təhlükəsizliyi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim edəcəklər.






























