Vətənimizin ən ağrılı-acılı günlərində digər rayonlarımızda olduğu kimi, Qaxın igid oğulları da silaha sarılaraq, erməni daşnaklarına qarşı döyüşə yollandılar. Bu müqəddəs amal uğrunda rayonun sakinlərindən 118 nəfəri şəhid, onlarla qaxlı isə əlil olmuşdur.
Qaxın təkcə qədim kəndlərindən olan Qumun cəsur oğullarından 7 nəfəri şəhid olmuş, 2 nəfəri isə itkin düşmüşdür. Kəndin vətənpərvər gənclərindən şəhidlik zirvəsinə yüksəlmiş İslam Yusifov, həmçinin döyüşlər zamanı itkin düşən və taleyi bu gün də qaranlıq qalan İmran Şamxalov məhz Daxili Qoşunların cəsur döyüşçüləri idi.
Beləliklə, belə qəhrəmanlardan biri - Daxili Qoşunların sıravi hərbi qulluqçusu şəhid İslam Yusifovun həyat və döyüş yolu barədə məlumat verəcəyik.
Sıravi İslam Abdurəhim oğlu Yusifov 1974-cü il may ayının 25-də Qax rayonunun Qum kəndində, müəllim ailəsində dünyaya göz açıb. Atası Abdurəhim müəllimin və anası Xavat müəllimənin min bir zəhmətlə böyüdüb tərbiyə etdiyi beş övladın (İslam, Xədicə, Rəşad, Təranə və Tərlan) biri, eyni zamanda ailənin ilki və ən sevimlisi idi İslam. Orta təhsilini 1981-1991-ci illərdə Z.Müslümov adına doğma Qum kənd orta məktəbində almışdı. İslam yaxşı oxumaqla yanaşı, həmçinin bir gənc kimi idmana da böyük maraq göstərirdi. Hələ orta məktəbdə oxuyarkən Qaxda ağırlıq qaldırma üzrə yeniyetmələr arasında keçirilən yarışlarda fəal iştirak edərək, müxtəlif dərəcəli diplom və fərmanlarla təltif edilib. O, həmçinin rayonda İnformatika üzrə məktəblilər arasında keçirilən olimpiadanın qalibi olub.
Orta məktəbdə oxuyarkən İslama dərs demiş informatika müəlliməsi Kifayət Hacıxanova Vətən yolunda şəhid olmuş igid oğullarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını deyir:
«... İslam haqqında ancaq xoş fikirlər söyləmək olar. Ziyalı ailəsində böyüyüb tərbiyə alan İslamın ata və anası mənim müəllimlərim olub. Mən isə İslama 10-11-ci siniflərdə oxuyarkən informatika fənnindən dərs demişəm. İnformatikaya, o cümlədən müasir texnologiyaya böyük maraq göstərirdi. Rayonumuzda informatika üzrə keçirilən olimpiadanın qalibi olanda, İslamın sevincinin həddi-hüdudu yox idi. O, həmçinin idmanla məşğul olardı. Gözəl arzuları var idi...
Yaxşı yadımdadır, mən o zaman məktəbimizin komsomol təşkilatının katibi idim. İslam isə mənim ən fəal köməkçilərimdən biri idi. Olduqca çalışqan, tərbiyəli və vətənpərvər şagird kimi xatirimdə qalıb. Biliyinə və təşkilatçılığına isə söz ola bilməzdi. Bu baxımdan da İslam, məktəbimizdə hər kəsin–həm müəllimlərin, həm də şagirdlərin dərin hörmət və rəğbətini qazanmışdı...
Bu gün İslam kimi qəhrəman oğullarımızın şərəfli həyat və döyüş yolu gələcəyimiz olan gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir».
Kifayət müəllimə həmçinin, söhbət əsnasında İslamla vaxtı ilə bir sinifdə təhsil almış digər şagirdi İmran Şamxalovun (Daxili Qoşunların sıravi döyüşçüsü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdür – A.Ə.) adını qeyd edərək, onu vətənpərvər, eyni zamanda nizam-intizamlı şagird kimi bu gün də xatırladığını bildirdi.
Orta məktəbin 9-cu sinfində oxuyarkən cib dəftərçəsinə çəkdiyi şəkilə baxanda, İslamın hələ yeniyetməlik çağlarından əsl vətənpərvər olduğunu görmək olar. Onun öz qələmi ilə çəkdiyi Azərbaycan Respublikası xəritəsinin yuxarı sol küncündə “Qarabağ bizimdir! Azərbaycanındır!” sözləri yazılıb. Bundan əlavə, xəritənin üzərində bədnam qonşularımız tərəfindən Qarabağ bölgəsinə sarı uzanmış xain əli biləyindən tutan digər bir əlin üzərində isə “Torpaqdan pay olmaz!” sözləri qeyd olunub.
İ.Yusifov orta təhsilini başa vurduqdan sonra, bir müddət kənddəki kolxozda əmək fəaliyyətinə başlayaraq, alın təri ilə qazandığı məvaciblə ailəsinə maddi dəstək olmağa çalışmışdır.
03 iyul 1992-ci il. Nəhayət, İslamın böyük həvəslə gözlədiyi gün gəlib çatdı. Məhz bu tarixdə o, Qax Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. Vətən yolunda hər zaman canından keçməyə hazır olan İslam, müqəddəs torpaqlarımızın müdafiəsinə böyük həvəslə yollanır. Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin “sıravi” hərbi qulluqçusu kimi xidmətə başlayan İslam, bir müddət sonra, Vətənə olan müqəddəs borcunu cəbhənin qaynar nöqtələrindən biri olan Ağdərə bölgəsində yerinə yetirməyə başlayır.
15 sentyabr 1992-ci il. Ağdərə rayonunun Mehmanə kəndinin müdafiəsi uğrunda gedən şiddətli döyüşlər İslamın son döyüşü olur... Bu döyüşdə beş güllə yarası alan İslam, əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir...
Vətən uğrunda canını qurban verən İslam Yusifov sentyabrın 16-da doğma Qum kənd qəbristanlığında dəfn olunub. Qax rayonu, Çinarlı kənd natamam orta məktəbinə Daxili Qoşunların igid döyüşçüsü, şəhid İslam Abdurəhim oğlu Yusifovun adı verilib.
Şəhid İ.Yusifovun həyat və döyüş yolundan bəhs edən yazılara görkəmli ziyalılarımız - Hikmət Əzimovun 1996-cı ildə Bakıda nəşr olunan “Qax şəhidləri” kitabında, jurnalist Firuzə Bəyməmmədqızının (Əsədullayeva) “Vağzalı çalınır...” adlı kitabında yer alan “İslamı həmişə gülən görmüşəm”, jurnalist Dostu Məmmədqızının “İdman” qəzetinin 21.11.1992-ci il tarixli sayında dərc olunan “25 may günü”, Təranə Fətullaqızının “Müxalifət” qəzetinin 12.12.1992-ci il tarixli sayında dərc olunan “Qisməti şəhidlik oldu” başlıqlı məqalələrində, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/9934.html) rast gəlmək olar.
Bundan əlavə, şairə Nailə Ramazanovanın Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğullarımıza həsr etdiyi “Yanım, yanmayım?” adlı şeirinin bir bəndində cəsur silahdaşımız olan İslamın adı xatırlanıb. Şeirin iki bəndini təqdim edirəm:
Vətənin dar günü lazımam deyən,
Sarılıb silaha cəbhəyə gedən.
Ölümün gözünə dik durub baxan,
İgid oğullara yanım, yanmayım?
Belə ölənlərin içində bizdən,
İndi deyirik ki, İslam da vardı.
Təzə tər qönçəydi, açmamış soldu,
Qönçəykən solana yanım, yanmayım?
Bununla yanaşı, İslamla Qum kənd orta məktəbində 11 il birgə təhsil almış sinif yoldaşı, görkəmli jurnalist Şərafət Muquzova (“Yeni Liqa” qəzetinin təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və digər ictimai təşkilatların üzvüdür. İctimai xidmətlərinə görə “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Ustad sənətkar” mükafatlarına, eləcə də bir çox təşəkkürnamə və fəxri diplomlara layiq görülüb. Şəfa təxəllüsü ilə tanınır – A.Ə.) öz “facebook” səhifəsində doğum günü ərəfəsində igid döyüşçünü xatırlayaraq yazdığı “Ad günün mübarək, ŞƏHİDİM!!!” başlıqlı məqaləsində İslamın həyat və döyüş yolu barədə qısa məlumat vermişdir.
Məlumat üçün qeyd edək ki, İ.Yusifovun adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 492-ci sıra nömrəsi ilə qeydə alınması və Ağdərə rayonunda həlak olması (15.09.1992) göstərilib.
İslam kimi igid silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəflə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Kapitan Anar Əhmədov
Daxili Qoşunların zabiti
Fotolar
Digər xəbərlər
loading...