Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycanın müstəqil dövlətçilik tarixinin ən mühüm mərhələlərindən birini təşkil edir və bu irsin əsasında formalaşdırılmış milli inkişaf strategiyası ölkəmizin tarixi Zəfərə gedən yolunun əsasını qoyub.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov bildirib.
YAP-ın yaradılması qələbələrə aparan yolun başlanğıcı olub
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında çıxışında da vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının 1992-ci ildə təsis edilməsi Azərbaycanın sonrakı siyasi tarixində mühüm dönüş nöqtəsi olub: “Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi və sosial çətinliklər cəmiyyətin qarşısında yeni siyasi kursun formalaşdırılması zərurətini yaradıb. Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirilməsi xalqın siyasi iradəsinin və yeni liderə olan inamının ifadəsi idi. Əslində, Azərbaycanın bugünkü qələbələrinin başlanğıc tarixi də həmin dövrdən başlayır. Sonrakı proseslər göstərdi ki, bu, təkcə bir siyasi partiyanın yaradılması deyil, Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından tarixi hadisə idi. Xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması baxımından həlledici mərhələ oldu. Həmin dövrdə əsas məsələ yalnız hakimiyyət dəyişikliyi deyildi, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və dövlət institutlarının möhkəmləndirilməsi idi”.
1990-cı illərin ağır reallıqları
Azər Badamov deyib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış vəziyyəti nəzərə almadan Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinin mahiyyətini tam qiymətləndirmək mümkün deyil: “AXC-Müsavat hakimiyyəti dövründə ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Ərazi itkiləri davam edir, iqtisadiyyat ağır böhran keçirir, cəmiyyətdə siyasi qarşıdurma dərinləşir, hakimiyyət daxilində ziddiyyətlər artırdı. Prezident İlham Əliyevin qurultaydakı çıxışında həmin dövrün reallıqları ilə bağlı səsləndirdiyi fikirlər də göstərir ki, o zaman dövlətin qarşısında dayanan problemlər son dərəcə ciddi idi. Bu baxımdan AXC-Müsavat hakimiyyətinin fəaliyyəti, yarıtmaz siyasətinin nəticələri Azərbaycanın sonrakı inkişafına da təsir edib. Azərbaycan tarixində diqqət çəkən məqamlardan biri də ölkəyə rəhbərlik etmiş şəxslərin müxtəlif dövrlərdə böhran qarşısında nümayiş etdirdiyi siyasi davranışdır. Heydər Əliyevdən sonra həm sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş dörd rəhbərdən üçünün ağır siyasi şəraitdə Bakını tərk etməsi tarixi fakt kimi diqqət çəkir. Bu, dövlətçilik məsuliyyətinin və siyasi liderliyin nə qədər mühüm olduğunu göstərən nümunələrdən biridir. Heydər Əliyevin fərqi isə ondan ibarət idi ki, o, ən mürəkkəb və təhlükəli vəziyyətlərdə məsuliyyəti üzərinə götürdü və dövlətin qarşısında duran problemlərin həlli istiqamətində ardıcıl siyasət həyata keçirdi”.
Milli inkişaf strategiyasının dəyişməz ana xətti
Deputat vurğulayıb ki, Heydər Əliyevin siyasi irsinin əsas xüsusiyyətlərindən biri dəyişən şəraitə uyğun olaraq taktiki və strateji məqsədlərin yenilənməsi, lakin dövlət siyasətinin fundamental prinsiplərinin dəyişməz qalmasıdır: “Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasının ayrı-ayrı mərhələlərində taktiki və hətta müəyyən strateji məqsədlər zamanın tələblərinə uyğun dəyişə bilərdi. Lakin bu siyasətin ana xətti heç vaxt dəyişməyib. Bu xətt Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, güclü ordu yaradılması və ölkənin öz potensialından maksimum səmərə ilə istifadə etməsi idi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan əvvəlcə siyasi və iqtisadi baxımdan dayanıqlı dövlət quruculuğunun əsaslarını formalaşdırıb, daha sonra isə bu potensialın hərbi gücə çevrilməsi üçün imkanlar yaradılıb. Bu strategiyanın nəticəsində Azərbaycan iqtisadi müstəqilliyini gücləndirdi, enerji siyasətini milli maraqlar əsasında qurdu, beynəlxalq mövqelərini möhkəmləndirdi və gələcəkdə güclü hərbi potensialın yaradılması üçün zəruri iqtisadi bazanı formalaşdırdı. Bu proseslər bir-birindən ayrı deyil. Güclü iqtisadiyyat olmadan güclü ordu, güclü ordu olmadan isə ərazi bütövlüyünün və suverenliyin bərpası mümkün deyildi”.
Siyasi irsin davamlılığı Zəfərə gətirib çıxardı
Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirməsi Azərbaycanın qarşısında duran strateji məqsədlərin həyata keçirilməsinə imkan yaradıb: “Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xətti sonrakı mərhələdə yeni məzmunla zənginləşdirilib və ölkənin qarşısında duran əsas milli məqsəd - ərazi bütövlüyünün və suverenliyin bərpası üçün bütün imkanlar səfərbər olunub. Bu gün tarixi Zəfərdən danışarkən yalnız 44 günlük Vətən müharibəsini və 2023-cü ildə suverenliyimizin tam bərpasını nəzərdə tutmaq düzgün olmaz. Zəfərin arxasında uzun illər ərzində aparılmış dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi dayanır. Bu yolun siyasi və strateji əsası isə Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsidir.
Azərbaycan bu gün qarşıya qoyduğu məqsədlərə nail olmuş dövlət kimi yeni mərhələyə qədəm qoyub. Heydər Əliyevin siyasi irsinin ən mühüm xüsusiyyətlərindən biri onun zamanla inkişaf etdirilə bilməsidir. Bu irs keçmişdə qalan siyasi konsepsiya deyil. Əksinə, müasir Azərbaycanın qarşısında dayanan yeni vəzifələrə uyğun olaraq inkişaf etdirilən dövlətçilik məktəbidir. Bu gün əsas məsələ əldə olunmuş nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq, iqtisadi və hərbi potensialımızı möhkəmləndirmək və müstəqil siyasətimizi davam etdirməkdir. Tarixi Zəfərin qorunması və gələcək uğurların təmin edilməsi də məhz bu siyasi irsin davamlılığından asılıdır”.






























