Samuxun Burunqovaq kəndində 88 yaşlı qadını qətlə yetirən İntiqam Alıyev və Arzu Alıyevin məhkəmə prosesi başa çatıb.
Milliyol.az Xitab24.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1937-ci il təvəllüdlü qadının qətlində təqsirləndirilən əmioğlulara hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, qohumlar Yahuzə Bəkirovanın yaşadığı fərdi yaşayış evinə basqın edib onu öldürməklə pulunu ələ keçirmək barədə razılığa gəliblər.
Qanunsuz şəkildə evə daxil olan Alıyevlər, qadının bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla çoxsaylı zərbələr endiriblər. Arzu və İntiqam qadından pulu saxladığı sandığı açmağı tələb etsələr də, Yahuzə Bəkirova bundan imtina edib. Bu isə cinayətkarları daha da qəzəbləndirib. Nəticədə Alıyevlərin yetirdiyi zərbələr qadının ölümünə səbəb olub. Qadın öldükdən sonra sandığın qıfılını sındıran şəxslər, istintaqa məlum olmayan məbləğdə pulu götürüb hadisə yerindən uzaqlaşıblar.
Bundan başqa, Arzu Alıyev hadisənin izlərini itirmək üçün Yahuzə Bəkirovanın evini yandırıb. O, daha sonra guya hadisədən xəbərsiz kimi qonşularla birlikdə yanğının söndürülməsində iştirak edib, daha sonra DİN-in 102 xidmətinə zəng edib. Bir qədər sonra evə qayıdan Arzu Alıyev “Mən nə qələt elədim” deyərək, öz-özünə deyinib. Onun bu sözünü qardaşı eşidib və ondan şübhələnərək Arzu Alıyevi polisə aparıb. Bundan sonra cinayətin üstü açılıb.
Qeyd edək ki, hadisə baş verən gün Arzu Alıyevin qardaşının xeyir işlə əlaqədar evlərində məclis olub. Yahuzə Bəkirova həmin evə gələrək, digər məclislərə 5 manat, amma Alıyevlərin xeyir işinə 50 manat nəmər yazdıracağını bildirib. Yaşlı qadının məclisə 50 manat nəmər yazdıracağını eşidən İntiqam Alıyev, əmisi oğlu Arzuya “Əgər bu sizin məclisə 50 manat yazdıracaqsa, deməli, evidə 3000 manat pulu var” deyib və cinayət niyyətini ortaya qoyub.
Əlavə edək ki, 1984 və 1987-ci il təvəllüdlü şəxslər tərəfindən qətlə yetirilən qadın tək yaşayırmış.


































