Bakıda “İnvest.M Construction” MMC tərəfindən vətəndaşlara məxsus mülklərin qanunsuz sökülməsi ilə bağlı həbs edilən Ceyhun Ədalət oğlu Məmmədov ev dustaqlığına buraxılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1976-cı ildə Ermənistanın Vedi rayonunda anadan olmuş Ceyhun Məmmədov Cinayət Məcəlləsinin 186.2.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.
İş materiallarına görə, Bakı şəhərinin Nəsimi rayonunda, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni yaşayış binalarının tikintisi üçün 1,55 hektar torpaq sahəsi “İnvest.M Construction” MMC-nin istifadəsinə icarə əsasında verilib. Şirkət həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etməli, yalnız razılaşdırılmış əmlakları sökməli idi.

Lakin ittihama görə, Ceyhun Məmmədov mülkiyyətçi ilə razılıq əldə etmədən 78,8 kvadratmetr sahəsi olan mənzilin sökülməsi barədə ekskavator sürücüsünə göstəriş verib və söküntünün həyata keçirilməsinə nail olub. Həmin mənzilin dəyəri 195 820 manat qiymətləndirilib.
İş materiallarında bəzi əmlaklarla bağlı məhkəmənin söküntünü qadağan edən qərardadlarının olduğu da qeyd edilib.
Ümumilikdə, iş üzrə zərərçəkənlərə məxsus mənzil və qeyri-yaşayış sahələrinə 110 min, 195 820, 201 min və 299 700 manat dəyərində ziyan dəydiyi göstərilib. Bundan başqa, bir zərərçəkənin əşyalarının məhv edilməsi nəticəsində 129 718 manat, digər şəxsə isə 1 282 manat ziyan hesablanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ceyhun Məmmədova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, əlavə olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib. Azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
Zərərçəkmişlər Cavid Əliyev, Firəngiz Kərimova, Zahid Əhmədov, Süleyman Muradov və Cəmil Cəfərov hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin daha ağır maddə ilə məhkum olunmasını və cəzanın ağırlaşdırılmasını istəyiblər. Onlar Ceyhun Məmmədovun Cinayət Məcəlləsinin 186.3 və 308.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları çərçivəsində daha ağır cəzaya məhkum edilməsini xahiş ediblər. Dövlət ittihamçısı da apellyasiya protesti verib.

Zərərçəkmiş şəxslərin nümayəndəsi məhkəmə iclasında “İnvest.M Construction” MMC-nin və onun vəzifəli şəxslərinin də hadisədə məsuliyyətinin araşdırılmalı olduğunu bildirib.
Nümayəndənin sözlərinə görə, şirkətin direktoru Cavid Musayev məhkəmə iclasında “İnvest.M Construction” MMC-nin qanunsuz söküntü işlərinə görə əvvəllər cərimələndiyini və cərimənin şirkət tərəfindən ödənildiyini deyib. O, zərərçəkmişlərə dəymiş ziyana görə Baş Prokurorluğun depozit hesabına təqsirləndirilən şəxsin adından köçürülən vəsaitin də şirkət tərəfindən ödənildiyini etiraf edib.
Zərərçəkmiş tərəfin nümayəndəsi bu halların şirkətin və onun vəzifəli şəxslərinin mümkün məsuliyyətinə hüquqi qiymət verilməməsi ilə bağlı suallar yaratdığını bildirib. O, həmçinin şirkətin, onun vəzifəli şəxslərinin və təqsirləndirilən şəxsin qabaqcadan əlbir olaraq məhkəmə qərardadlarına və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qoyduğu qadağalara məhəl qoymadan mənzilləri sökdüklərini, əşyaları isə talayaraq məhv etdiklərini iddia edib.
Bakı Apellyasiya Məhkəməsi şikayət və protestləri təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayıb.

Qeyd edək ki, 8 oktyabr 2024-cü ildə “İnvest.M Construction” MMC-nin direktoru Cavid Musayevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə ibtidai istintaqın tamamlandığı açıqlanıb.
İstintaq zamanı Cavid Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərinin Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan sahədə ağac və kolların təkrarən qanunsuz kəsilməsinə nail olmaqla təbiətə 413 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, təkrarən və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə), eləcə də 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham elan olunub. Elə həmin vaxt Cavid Musayev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, “İnvest.M Construction” MMC-nin İmişlinin sabiq deputatı Əsabil Qasımova məxsus olduğu bildirilir. Mətbuatda yayılan bu məlumat təkzib olunmayıb.


































