Azərbaycanda fəaliyyət göstərən Avto FM radiosu fəaliyyətini dayandırıb. MilliYol.Az "qafqazinfo”-ya istinadən xəbər xəbər verir ki, bu haqda radionun əməkdaşları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə radio bu gecədən yayımını dayandırıb.
"Avto FM” radiosunun direktoru Seymur Teymurov sayta açıqlamasında bildirib ki, radionun Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə müqaviləsi var idi: "Biz onlara radio xidməti göstərirdik. İndi bu müqavilə birtərəfli olaraq dayandırılıb. Dayandırılmanın səbəbi bizə bəlli deyil. Amma "Avto FM” MMC olaraq qalır. Radio kimi fəaliyyət göstərmək üçün bütün texniki və kadr potensialımız var. Əgər başqa tərəfdaş tapsaq, fəaliyyətimizi davam etdirəcəyik”.
S. Teymurov sosial şəbəkələrdə radionun bağlanmasını Fətullah Gülənlə əlaqələndirənlərə də cavab verib. O qeyd edib ki, radionun bağlanmasının gülənçilərlə əlaqəsi yoxdur: "Biz siyasi fəaliyyət göstərmirdik. Yalnız Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio üçün lazım olan texniki xidmət göstərirdik”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova “Report”a açıqlamasında "Avto FM"in yayımının dayandırılması məsələsini şərh edib. O bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.
N.Allahyarova deyib ki, radio bundan sonra Bakı Nəqliyyat Agentliyinin nəzarəti altında yayımını davam etdirəcək: “Sadəcə radionun adında dəyişiklik olacaq”.
“Avto FM” radiosuna yayım üçün verilən lisenziya ləğv edilməyib. Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rərbəri Toğrul Məmmədov bildirib.
Onun sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə lisenziya 6 il müddətinə verilib və lisenziyanın müddəti 2019-cu ildə başa çatır.
Xatırladaq ki, Avto FM radiosunun ilk rəhbəri hazırda xaricdə olan jurnalist Elnur Baimov idi. Radio rəsmi olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus idi. 2013-cü ildə fəaliyyətə başlayan bu radionun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması haqda xəbərlər yayılsa də, bu E. Baimov tərəfindən təkzib olunurdu.
MilliYol.Az



































