AFFA texniki məğlubiyyət iddialarına cavab verdi (YENİLƏNİB)

Bu gün mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar Azərbaycan millisinə texniki məğlubiyyət veriləcəyi barədə xəbərlər yayılıb.

MilliYol.az xəbər verir ki, bu barədə AFFA açıqlama yayıb.

Bildiririk ki, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında yayımlanan Andorra – Azərbaycan oyununun protokolunda yer alıb.

AFFA-ya qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı üzrə rəsmi müraciət daxil olmayıb.

Təəssüf ki, bu cür xəbərlər AFFA ilə dəqiqləşdirilmədən, qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunur.

09.54

UEFA İntizam Komitəsinin Andorra - Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.

MilliYol.az Sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub. Lakin sonradan məlum olub ki, B.Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.

Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.

İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə, post “Facebook” və “Instagram” hesablarından silinsə də, “Threads” platformasında qalıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.