Prezident İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1611) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissədə “Kommersiya (vergi)” sözləri “Kommersiya və (və ya) vergi” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Kommersiya və vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı da açıqlanıb:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikasının vergilər naziri
2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru
6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru
7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru
9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru
10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru
11. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru
12. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru
13. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları
14. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları
15. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.
MilliYol.Az



































