Şəmkirdən Oksforda uzanan yol (MÜSAHİBƏ)

Şəmkirdən Oksforda uzanan yol, beynəlxalq təşkilatda qazandığı təcrübə və bütün bunlardan sonra biliklərini öz ölkəsində bölüşmək istəyi... Onun hekayəsi uğurun insanın özünə inamından, davamlı öyrənmək istəyindən və qarşısına qoyduğu məqsədlərdən asılı olduğunu göstərir.

MilliYol.az "Kaspi"yə istinadən Dövlət Proqramının təqaüdçüsü, Oksford Universitetində beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru namizədi və həmin universitetdə tədris fəaliyyəti ilə məşğul olan Nuranə Məmmədovanın müsahibəsini təqdim edir.

- Nuranə xanım, Şəmkirdən Oksford Universitetinə, oradan da beynəlxalq təşkilatda fəaliyyətə uzanan maraqlı bir yol keçmisiniz. Söhbətimizə bu yolun başlanğıcından başlayaq.

– Uşaqlığımın müəyyən hissəsi Ukraynada keçsə də, orta məktəb təhsilimi 7-ci sinifdən etibarən Şəmkir şəhərinin Cahangir Rüstəmov adına tam orta məktəbində davam etdirmişəm. Şəxsiyyət kimi formalaşmağımda və gələcək uğurlarımda məktəbdə qazandığım biliklərin və müəllimlərimin müstəsna rolu olub. Həmin dövrdə, demək olar ki, bütün fənlərə maraq göstərirdim, amma riyaziyyat xüsusi yer tuturdu. Bu maraq məni II ixtisas qrupunu seçməyə yönəltdi. Yüksək balla ali məktəbə qəbul oldum. Həmin illərdə ölkədə ilk dəfə səkkiz fənn üzrə imtahan tətbiq edilmişdi. Qərb regionunda bütün fənlərdən “5” alan iki şagirddən biri idim. Həm rus bölməsi, həm də şəhərin məktəbləri arasında ən yüksək qəbul ballarından birini toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühasibat uçotu və audit ixtisasına dövlət sifarişi əsasında qəbul olundum.

“Region təhsili uğuru məhdudlaşdırmır”

– Bəs nə üçün təhsilinizi yarımçıq saxlayaraq Gəncəyə köçdünüz?

– Ailəm üçün çox darıxırdım. Onlardan uzaqda qalmaq çətin gəldiyi üçün valideynlərimdən Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) köçürülməyimə kömək etmələrini xahiş etdim. Bu, asan proses olmadı. UNEC-dəki dekanım da köçürülməyimə razı olmurdu. “Bu tələbə burada qalmalıdır”, - deyirdi və məni yeni yaradılan Xüsusi İstedadlar Qrupuna (XİQ) yönəltmək istəyirdi. Lakin qərarımda israr edirdim və ailəmə yaxın olmaq üçün Gəncəyə köçərək ADAU-nun Xüsusi İstedadlar Qrupunda Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsilimi davam etdirməyə başladım.

– Çoxları paytaxtda təhsil almağın daha geniş imkanlar yaratdığını düşünür. Siz isə uğurunuzun təməlində region məktəbinin mühüm rol oynadığını qeyd edirsiniz. Sizcə, təcrübəniz region gənclərinin təhsil və karyera imkanları ilə bağlı stereotipləri dəyişə bilərmi?

– Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, regionda təhsil almaq heç də insanın gələcək akademik və peşəkar uğurlarını məhdudlaşdırmır. Təhsil aldığım illərdə regionlarda özünüinkişaf imkanları müəyyən qədər məhdud olsa da, Şəmkirdə aldığım orta məktəb təhsilinin keyfiyyəti çox yüksək idi. Dəqiq elmlər, xüsusilə də riyaziyyat üzrə təməlimi məhz Şəmkirdəki məktəbim və müəllimlərim formalaşdırıblar. Bunun nəticəsi olaraq, II ixtisas qrupu üzrə qəbul imtahanında riyaziyyatdan 25 sualın hamısına düzgün cavab vermişdim. Daha sonra UNEC-də təhsil alarkən bütün birinci kurs tələbələri arasında ali riyaziyyat və ehtimal nəzəriyyəsi fənnindən keçirilən imtahanda maksimum bal toplayan yeganə tələbə olmuşdum. Bu gün gənclərimizin imkanları əvvəlki illərlə müqayisədə xeyli genişlənib. Gənclər evləri, müxtəlif təhsil proqramları, beynəlxalq layihələr və onlayn resurslar özünüinkişaf üçün yeni fürsətlər yaradır. Xüsusilə süni intellektin inkişafı ilə gənclər yaşadıqları yerdən asılı olmayaraq istədikləri sahədə biliklərini və bacarıqlarını inkişaf etdirə bilərlər. Xaricdə təhsil almaq da əvvəlki illərlə müqayisədə daha əlçatandır və bunun üçün müxtəlif dəstək mexanizmləri və imkanlar mövcuddur. Buna görə düşünürəm ki, insanın uğur qazanmasında yaşadığı yer qədər öz məqsədini düzgün müəyyənləşdirməsi və bu məqsədə çatmaq üçün göstərdiyi səy mühüm rol oynayır.

“Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına daxil oldum”

- Riyaziyyat və iqtisadiyyat sahələrində uğur qazansanız da, magistratura pilləsində istiqamətinizi dəyişərək beynəlxalq münasibətləri seçdiniz. Bu qərarı verməyinizə nə təsir göstərdi?

– Bakalavr təhsilim dövründə iqtisadiyyatın əhəmiyyətini yaxşı dərk etsəm də, özümü başqa bir sahədə sınamaq istədiyimi anladım. Təhsilimi başa vurduqdan sonra Fransa, Almaniya və Türkiyədə təhsili nəzərdə tutan Avropa İttifaqının xüsusi iki dərəcəli magistr proqramına qəbul olundum. Tam təqaüd qazandığım üçün bu fürsəti dəyərləndirmək qərarına gəldim. İxtisasım fərqli olsa da, beynəlxalq və Avropa münasibətləri üzrə təhsil almaq mənə maraqlı gəlirdi. Əslində, riyazi və iqtisadi biliklərim magistratura təhsilimdə mənə çox kömək etdi. Dissertasiyamda oyunlar nəzəriyyəsini (Game Theory) tətbiq etmişdim. Hətta 2022-ci ildə Şərqi Avropada baş verən siyasi hadisələri olduğu kimi illər əvvəl kurs işimdə proqnoz etmişdim. Müdafiə zamanı müəllimlərim dissertasiyamın oxuduqları ən maraqlı işlərdən biri olduğunu bildirmişdilər. Magistratura təhsilimi fərqlənmə diplomu ilə başa vurdum.

– Hələ 19 yaşınızdan təlimçilik fəaliyyətinə başlamısınız. Bu həvəs necə yarandı?

– Tələbəlik illərində qısa müddət debatlarda iştirak etdim və ölkə üzrə top spikerlərin ilk üçlüyündə yer aldım. Düzü, rus bölməsində təhsil aldığım üçün debatlar Azərbaycan dilimi təkmilləşdirməyimə də kömək etdi. Universitetdə tədbirlər keçiriləndə və qonaqlar gələndə rektor məhz mənim çıxış etməyimi istəyirdi. Adətən çıxışlarımdan sonra müxtəlif qurumların nümayəndələri danışıq üslubumu bəyəndiklərini bildirir, ictimai çıxış üzrə təlimlər keçməyimi xahiş edirdilər. Həmin vaxt Almaniya təşkilatlarından birinin Azərbaycanda keçirdiyi təlimdə iştirak etdim və həmin təşkilat məni təlimçi kimi əməkdaşlığa dəvət etdi. Beləliklə, bu istiqamətdə fəaliyyətə başladım. Sonrakı illərdə müxtəlif beynəlxalq qurumların idarə heyətlərinə seçildim və beynəlxalq təlimçi və ekspert kimi çalışdım. 70-ə yaxın ölkədə təlimlər keçərək və yerli komandaların fəaliyyətini yönləndirərək geniş auditoriyaya çatdım.

- Sonra Oksford mərhələsi başladı. Bəs dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almaq arzunuz necə gerçəkləşdi?

– Uşaqlıqdan dünyanın ən yaxşı universitetlərində təhsil almaq və onların niyə ən nüfuzlu ali məktəblər hesab edildiyini öz təcrübəmdə görməyi qarşıma məqsəd qoymuşdum. Oksford Universitetində diplomatiya üzrə müraciət etmək istədiyim xüsusi bir proqramı araşdırıb tapmışdım. Düzünü desəm, gərgin iş qrafikimə və işimlə bağlı daim səfərlərdə olduğuma görə əvvəlki illərdə müraciət tarixlərini qaçırırdım. Oksforda müraciət etdiyim gün də yolda idim. Təyyarə ilə altı saat uçmalı idim və bu vaxtı dəyərləndirərək elə uçuş zamanı müraciət ərizəmi doldurub göndərdim və qəbul aldım. Oksfordda təhsil aldığım dövrdə məşhur fondlardan biri dünya üzrə ən yaxşı tələbələri müəyyənləşdirirdi. 176 ölkədən 11 min tələbənin iştirak etdiyi seçim nəticəsində “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına daxil oldum. Bu nailiyyətim dünyada və Azərbaycanda geniş əks-səda doğurdu, “The Guardian”, “Oxford Mail” kimi məşhur media orqanlarında işıqlandırıldı və Oksford Universitetinin rəhbərliyindən də şəxsi təbriklər aldım. Azərbaycan həmin seçimdə ilk dəfə finalda təmsil olunurdu.

- Bəs nə üçün Oksfordda doktorantura təhsili almaq imkanınız olduğu halda Azərbaycana qayıtmağı seçdiniz?

– Biliyin bölüşdükcə dəyər qazandığına həmişə inanmışam. Təhsilin hər kəs üçün əlçatan olması üçün də əlimdən gələni etməyə çalışmışam. İkinci magistratura təhsilimə qədər artıq dünyanın fərqli ölkələrindən olan 13 000-ə yaxın insana birbaşa təlim keçmiş və mentorluq etmişdim. Anladım ki, təlim və tədris fəaliyyəti mənim həyatımda xüsusi yer tutur və buna görə gec-tez doktorantura təhsili alacağam. Eyni zamanda, Oksforddakı müəllimlərim və proqramın direktoru doktorantura təhsilimi orada davam etdirməyimi israrla tövsiyə edirdilər. Lakin magistraturada qazandığım bilikləri əvvəlcə praktikada tətbiq etmək istədim. Buna görə Azərbaycana qayıdaraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzində diplomat statusu ilə departament müdiri vəzifəsində çalışmağa başladım. 57 üzv ölkənin nümayəndələri və əmək nazirləri ilə çalışmaq diplomatiyanı daha dərindən öyrənməyimə, hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini anlamağıma kömək etdi. Bir müddət praktiki təcrübə topladıqdan sonra beynəlxalq münasibətlər üzrə akademik biliklərimi möhkəmləndirməyin vaxtının çatdığını anladım. Dövlət Proqramı təqaüdçüsü kimi Oksford Universitetində beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə başladım. Daha sonra köməkçi dekan (Junior Dean) vəzifəsinə seçildim.

- Oksfordda təhsil alarkən Azərbaycanı beynəlxalq auditoriyaya tanıtmaq və ölkəmiz haqqında düzgün təsəvvür formalaşdırmaq üçün hansı imkanlardan istifadə edirsiniz?

– Diplomatiya üzrə magistratura təhsili aldığım dövrdə də mühazirələr zamanı Azərbaycanla bağlı müzakirələr aparılırdı. Bəzən müəllimin sözünü kəsərək deyirdim: “Media bunu belə təqdim edə bilər, amma reallıq tamamilə fərqlidir”. Doğru zamanda, doğru yerdə olub həqiqətləri çatdırmaq çox vacibdir. Çünki həmin auditoriyada təhsil alan 25 diplomatın Azərbaycan haqqında düzgün məlumat əldə etmələrini və doğru yanaşma formalaşdırmalarını istəyirdim. Onların bir qismi hazırda dünyanın müxtəlif ölkələrində səfir və konsul kimi çalışır. Ölkəmiz, mədəniyyətimiz, hətta ev sahibliyi etdiyimiz beynəlxalq tədbirlər haqqında buradakı beynəlxalq icmaya məlumat verməyə çalışıram.

– Nuranə xanım, tələbəlik illərində ailənizdən ayrı qalmamaq üçün Bakı universitetini Gəncəyə dəyişmişdiniz. İndi isə Oksforddasınız. Bəs uzaq İngiltərəni necə seçdiniz?

– Çox çətindir. Mən heç vaxt xaricə orada yaşamaq və qalmaq məqsədilə getməmişəm. Həmişə düşünmüşəm ki, bu, müvəqqətidir, işimi bitirib evə qayıdacağam. Hətta layihələr arasında bir-iki günlük fasilə olan kimi təyyarəyə minib evə gəlirdim, ailəmlə görüşdükdən sonra yenidən işimə qayıdırdım. Ailəmə həqiqətən çox bağlıyam və indi də valideynlərim üçün çox darıxıram. Xaricdə ailəmdən uzaq yaşamağın mənim üçün asan olduğunu desəm, yalan olar.

- Təhsil yolunuzdan danışarkən ailənizin sizə yaratdığı imkanlar və böyük qardaşınızın sizə nümunə olması diqqət çəkir. Ailənizdəki bu mühit və qardaşınızla aranızdakı sağlam rəqabət hədəflərinizə necə təsir göstərib?

– Ailəmdə təhsilə çox böyük önəm verilirdi. Anam həkim, atam isə jurnalistdir. Uşaqlıqdan bizə müxtəlif dərnəklərə getmək, fərqli sahələrdə özümüzü sınamaq üçün şərait yaradırdılar. Məsələn, atam uşaqlıqda pianoda ifa etmək istədiyinə görə bizim musiqi təhsili almağımızı arzulayırdı. Anam isə dərslərimizlə fərdi məşğul olurdu və hələ uşaqlıqdan ingilis dilini öyrənməyə, gələcəkdə isə elmi dərəcə almağa həvəsləndirirdi. Ailənin ikinci övladıyam. Böyük qardaşım həmişə mənim üçün rol modeli olub. O da dünyanın ən nüfuzlu universitetlərindən biri olan Londondakı “Imperial College”də süni intellekt üzrə təhsil alıb. Kiçik qardaşım isə məni diplomatiya sahəsində ixtisaslaşmağa həvəsləndirib və bu yolda daim dəstək olub. Bir sözlə, düşünürəm ki, insanın ətrafı onun şəxsiyyət kimi formalaşmasında və müvəffəqiyyətli olmasında ən böyük rolu oynayır və gələcək uğurların təməlini qoyur. İlk ətrafımız ailəmiz olur və onu biz seçmirik. Daha sonra isə ətrafımızı özümüz formalaşdırırıq.

– Nuranə xanım, gələcək planlarınız nədir? Oksfordda qazandığınız təcrübəni ölkəmizin elm və təhsil sisteminə necə inteqrasiya etməyi düşünürsünüz?

– Doktoranturanı bitirdikdən sonra Azərbaycana qayıdaraq elm sahəmizə töhfə vermək ən böyük planımdır. Tədris fəaliyyətim üçün Azərbaycan Dövlət Aqrar Universitetini seçmişəm və orada dərs deməyə başlayacağam. Hesab edirəm ki, xarici və yerli təhsil sistemlərinin bir-birindən öyrənə biləcəyi dəyərli təcrübələr var. Auditoriyaya ilk növbədə tənqidi düşüncə tərzini (critical thinking) gətirmək istəyirəm. Tələbələrim hətta tanınmış siyasi alimlərin nəzəriyyələri ilə razılaşmaya bilərlər. Əsas odur ki, öz mövqelərini əsaslandırılmış və sistemli şəkildə ifadə etsinlər. İkinci məqsədim analitik düşüncəni inkişaf etdirməkdir və süni intellektin imkanlarından düzgün yararlanmağı aşılamaq niyyətindəyəm. Oxunan materiallar sadəcə yadda saxlanılmamalı, real dünyada baş verən proseslərin təhlilinə tətbiq edilməlidir. Üçüncüsü isə tələbələrə bu fikri aşılamaq istəyirəm ki, intellektual potensial yalnız qiymətlə ölçülmür. Məqsədim təkcə güclü elm xadimləri deyil, həm də cəmiyyət üçün faydalı və məsuliyyətli vətəndaşlar yetişdirməkdir. Paralel olaraq diplomatik fəaliyyətimi də davam etdirmək niyyətindəyəm. Akademik fəaliyyətlə diplomatik karyeram bir-birini tamamlayır.

Mənbə: "Kaspi" qəzeti