Gəncə şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətmiş 1973-cü il təvəllüdlü Mehman Məmmədov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178 və 320-ci (dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, Mehman ikinci qrup üzrə müddətsiz əlildir. O, ətrafına özünü nüfuzlu şəxs kimi təqdim edib, dövlət qurumlarında yaxşı əlaqələrinin olduğunu deyib. “İnfiniti” markalı avtomobil idarə edən və özünü imkanlı şəxs kimi göstərən Mehman 6 nəfərdən onları və ya övladlarını işə düzəltmək, kəsilmiş pensiyalarının bərpası və digər vədlərlə müvafiq olaraq 4200, 3885, 4000, 4000, 4000, 3050 manat pul alıb.
Həmin vaxt Mehman işə düzəltməyə söz verdiyi şəxslərdən bəzilərinə Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun adından imzalanmış nömrəsiz, tarixsiz, saxta QR kodlu əmrlərin surətini də təqdim edib. Lakin ekspertiza zamanı həmin sənədlərin saxta olması müəyyənləşdirilib.
Məhkəmədə Mehman Məmmədov dələduzluq yolu ilə ələ keçirdiyi pulları müalicəsinə sərf etdiyini deyib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay həbs cəzası verilib.






























