Azərbaycanın beş minillik dövlətçilik tarixinə həsr edilən “Güzgüdən keçən tarix” adlı tarixi roman nəşr olunub.
MilliYol.az xəbər verir ki, tədqiqatçı alim Zaur Əliyev və tədqiqatçı Məhbubə Cəfərin həmmüəllifliyi ilə ərsəyə gələn 764 səhifəlik kitabda Azərbaycanın qədim tarixindən başlayaraq müxtəlif dövrlərdə dövlətçilik ənənələri, görkəmli şəxsiyyətlərin həyatı və fəaliyyəti bədii formada təqdim olunur.
Kitabın baş məsləhətçisi təqaüddə olan hakim İsmayıl Abdurəhmanlı, redaktoru isə Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Pərviz Ağalarovdur.
Əsərdə Qobustan, Gəmiqaya, Əshabi-Kəhf, Əlincə qalası və Azıx mağarası kimi tarixi məkanların izləri, qədim türk damğaları, piktoqramlar, mixi yazılar və dövlətçilik rəmzləri araşdırılır. Eyni zamanda Zərdüşt fəlsəfəsi, “Avesta”nın ilkin qatları, Şərq fəlsəfəsi, irfan məktəbi və qədim tibb elminin irsi bədii dillə işıqlandırılır.
Romanda Tomris ana, Cavanşir, Babək, Şah İsmayıl Xətai, Şah I Təhmasib, Nadir şah, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərin fəaliyyəti geniş əksini tapıb. Bununla yanaşı, Azərbaycan tarixində mühüm rol oynamış qadınların – Sara xatun, Şağab xatun, Əleykə Könüldaş xatun, Məhdi Ülya və Pərixan Sultanın dövlət idarəçiliyindəki xidmətlərinə də xüsusi yer ayrılıb.
Əsərdə Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Bəhmənyar və digər elm, ədəbiyyat və fəlsəfə nümayəndələrinin irsi də təqdim olunur. Müəlliflər tarixin kölgəsində qalmış, haqqında az məlumat olan şəxsiyyətlərin həyat və fəaliyyətini də oxuculara çatdırmağa çalışıblar.
Romanın əsas ideyası milli tarixi yaddaşın qorunması və xalqın öz keçmişini öz gözü ilə tanımasının vacibliyidir. Əsərdə bu yanaşma “Öz güzgüsü olmayan millət, başqalarının ona biçdiyi obrazda yaşamağa məhkumdur” fikri ilə ifadə olunur.
































