Azərbaycanda dəbdəbəli toy mərasimləri bir çox gənc ailənin birgə həyata böyük borc və maddi yük altında başlamasına səbəb olur. Absurd yeni ənənələrlə, əndazəni aşan dəblə ayaqlaşmağa çalışmaq bəzən ciddi problemlər yaradır. Bəs gəncləri imkanlarından artıq xərc çəkməyə vadar edən səbəblər nədir və bu problemin həlli yolu nədən asılıdır?
Məsələ ilə bağlı Oxu.Az-a danışan psixoloq Orxan Şəfizadə bildirib ki, maddi imkanları məhdud olan gənclərin borca girərək təmtəraqlı toy keçirməyə çalışması ciddi psixoloji və sosial problemdir.
Onun sözlərinə görə, ailə qurmaq iki insanın birgə həyata başladığı mühüm mərhələ olsa da, bəzən bunun mahiyyəti dəbdəbəli toy məclislərinin kölgəsində qalır:
"Əsas səbəblərdən biri cəmiyyətin gözləntilərinə köklənməkdir. "El nə deyər?", "Qohumdan geri qalmaq olmaz" kimi düşüncələr gəncləri öz imkanlarından daha artıq xərcləməyə sövq edir. Bəzən toy şəxsi xoşbəxtliyin qeyd olunmasından çox, sosial statusun nümayişinə çevrilir.
Digər səbəb özünü təsdiq etmək ehtiyacıdır. İnsanlar dəbdəbəni uğur və hörmət göstəricisi kimi qəbul etdikdə, başqalarının gözündə dəyərli görünmək üçün maddi imkanlarını riskə atırlar. Sosial şəbəkələrdə nümayiş olunan möhtəşəm toylar da bu müqayisəni gücləndirir. Gənclər öz həyatlarının başlanğıcını başqalarının görüntülərinə uyğunlaşdırmağa çalışırlar. Halbuki bir günlük dəbdəbənin arxasında illərlə davam edən borc və maddi narahatlıq dayana bilər.
Həll yolu, ilk növbədə, ailə qurmağın mahiyyətini düzgün dərk etməkdən keçir. Toydan əvvəl gənclər real büdcə müəyyən etməli, gələcək yaşayış və ailə xərclərini nəzərə almalıdırlar. Valideynlər və cəmiyyət də toyun böyüklüyünü ailənin uğur meyarı kimi təqdim etməkdən çəkinməlidirlər. Gənclərə sadə toy seçiminə görə təzyiq göstərmək əvəzinə, onların sağlam və sabit ailə qurmasını dəstəkləmək vacibdir. Nikahdan əvvəl psixoloji və maliyyə maarifləndirilməsi də bu problemin azalmasına kömək edə bilər. Nəticə və mahiyyət etibarilə, toy bir gün, ailə isə bir ömürdür. Gənclər başqalarının alqışını qazanmaq üçün gələcəklərini borc altında qoymamalıdırlar. Çünki ailənin xoşbəxtliyi məclisin dəbdəbəsi ilə deyil, qarşılıqlı hörmət, anlayış və məsuliyyətlə ölçülür".
İqtisadçı ekspert Asif İbrahimov isə məsələnin maliyyə tərəfinə diqqət çəkərək bildirib ki, gənclərin maddi imkanlarını nəzərə almadan dəbdəbəli toy mərasimləri keçirməsi sonradan ailələr üçün ciddi maliyyə yükünə çevrilir.
Onun sözlərinə görə, bəzi hallarda toy mərasimi ailə qurmaq sevincindən daha çox sosial rəqabət və nümayiş vasitəsinə çevrilir:
"İnsanlar öz real gəlirlərinə və maliyyə imkanlarına uyğun qərar vermək əvəzinə, cəmiyyətin gözləntilərinə, qohumların münasibətinə və başqalarının keçirdiyi toyların səviyyəsinə uyğunlaşmağa çalışırlar. Bunun nəticəsində ailələr bank kreditlərinə, borclanmaya və hətta uzun müddət qazandıqları vəsaitin buna xərclənməsinə məcbur olurlar.
Halbuki yeni ailə quran gənclərin qarşısında ev kirayəsi, mənzil təminatı, məişət avadanlıqları, gündəlik yaşayış xərcləri və gələcək övladların təminatı kimi daha vacib maliyyə öhdəlikləri dayanır. Toya çəkilən vəsaitin böyük hissəsi isə bir neçə saatlıq mərasimə sərf olunur və ailənin gələcək iqtisadi təhlükəsizliyinə davamlı töhfə vermir.
Bu məsələ təkcə fərdi ailələrin büdcəsi ilə məhdudlaşmır. Kütləvi şəkildə borclanma hesabına keçirilən dəbdəbəli mərasimlər ailələrin yığım imkanlarını azaldır, istehlak kreditlərinə tələbi artırır və gənclərin maliyyə müstəqilliyini gecikdirir. Xüsusilə gəlirləri məhdud olan ailələrin özlərini daha imkanlı ailələrlə müqayisə edərək əlavə xərclərə getməsi sosial və iqtisadi baxımdan sağlam yanaşma deyil. Problemin həlli üçün, ilk növbədə, cəmiyyətdə toy mərasiminə münasibət dəyişməlidir. Toyun keyfiyyəti dəvət olunan qonaqların sayı, menyunun bahalılığı və məkanın dəbdəbəsi ilə ölçülməməlidir. Gənclər ailə həyatına borcla deyil, mümkün qədər sağlam maliyyə vəziyyəti ilə başlamalıdırlar.
Digər tərəfdən maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərə ailə büdcəsinin planlaşdırılması və maliyyə savadlılığı ilə bağlı biliklərin aşılanması vacibdir. Şadlıq saraylarında daha münasib qiymətli menyuların, kiçik mərasim formatlarının və şəffaf qiymət siyasətinin təşviqi də müsbət təsir göstərə bilər. Lakin toyların dövlət tərəfindən sərt şəkildə məhdudlaşdırılması və ya inzibati qadağaların tətbiq edilməsi də məqsədəuyğun yanaşma olmaz. Burada əsas məsələ insanların seçim azadlığını qorumaqla yanaşı, məsuliyyətli istehlak mədəniyyətini formalaşdırmaqdır. Ailə qurmaq da böyük bir həyat layihəsidir və onun ilk addımı maliyyə çətinliyi ilə başlamamalıdır. Gənclər bir günlük təmtəraqlı mərasimə deyil, gələcək illərdə quracaqları ailənin rifahına, mənzil təminatına, təhsilinə və iqtisadi təhlükəsizliyinə üstünlük verməlidirlər. Çünki toy bir gün olur, ailənin iqtisadi məsuliyyəti isə uzun illər sürür".































