Dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək

Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.

MilliYol.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Dəyişikliyə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər.

İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ildən ölkədə uzunmüddətli ipoteka kreditləşməsini maliyyələşdirir. Ölkə Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na uyğun olaraq, Fond bu il də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. İndiyə qədər Fondun vəsaiti hesabına müvəkkil banklar 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verib. Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib.