Türkiyə Taleh Ziyadovun FETÖ bağlantısını ifşa etdi
Ötən gün Türkiyənin Yarğıtay Başsavcılığının (ali ədliyyə orqanı) Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı istintaq başladan Azərbaycan Baş Prokurorluğuna bu təriqətin fəaliyyətinə dair bütün detalların yer aldığı dosyeni göndərməsi ilə bağlı xəbərlər yayılmışdı.
Anaxəbər.az "Sabah” qəzetinə istinadən xəbər verir ki, "FETÖ-Azərbaycan hesabatı” adlı hesabatda FETÖ-nun beynəlxalq miqyasda fəaliyyəti və istifadə etdiyi metodlar, Türk Cümhuriyyətlərində necə təşkilatlanması, terror təşkilatı üçün ən kritik ölkələrdən birinin də Azərbaycan olması barədə danışılır.
MİT-in hazırladığı hesabatda deyilir ki, FETÖ Azərbaycan və digər ölkələrdə enerji layihələrini idarə etməyə çalışır, TANAP qaz kəməri layihəsi də bu çərçivədə təşkilatın hədəfləri sırasındadır. Bir neçə gün əvvəl Azərbaycan Baş prokurorluğuna göndərilən dosyedə FETÖ-nun Azərbaycanda təhsil müəssisəsi adı altında azı 28 özəyinin yer aldığı göstərilir. Habelə dosyedə 15 iyul hərbi çevriliş cəhdinə görə həbs olunanların ifadələrindən detallar da yer alır, Türkiyənin FETÖ üzvü kimi axtarışa verdiyi şəxslərin siyahısı da Bakıya təqdim olunur.
Qeyd edək ki, Azərbaycandpa Fətulla Gülənə aid olan məktəblər artıq qapanıb və yaxud da dövlət nəzarətinə keçib. Lakin heç kimə sirr deyil ki, Gülənə aid şəbəkə tək məktəblərdə yerləşməmişdi. 20 ildən artıq bir zaman kəsiyndə Gülən şəbəkəsi Azərbaycanın bir çox dövlət qurumlarında yerləşib və bu gün bu şəbəkənin ifşası əsas məsələrdən biri hesab olunmaqdadır.
Azərbaycanda bu şəbəkənin sızdığı əsas dövlət strukturlarından birinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC olduğu bildirilir. Artıq bir müddətdir ki, bu qrumda baş verənlərlə bağlı mətbuata məlumatlar sızır. İddia olunur ki, QSC-nin baş direktoru Taleh Ziyadov və baş direktorun müşaviri İlham Mehrəliyev Gülən şəbəkəsinin gizli nümayndələri olaraq Pensilvaniyadan gələn təlimatlara əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarə edirlər. Taleh Ziyadov Güləndən aldığı məxfi direktivə əsasən bir il müddətində ölkədə fəaliyyət göstərən bütün limanları öz monopoliyası altına almaq üçün çalışıb.
İlham Mehrəliyevə gəlincə isə bu şəxs əvvəllər Gülən camaatına aidiyyatı ilə tanınan “Modern Qrup”un rəhbəri olub. Təqribən bir il əvvəl Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müşaviri vəzifəsinə təyinat alıb.
Bir il əvvəl Taleh Ziyadova və İlham Mehrəliyevə Pensilvaniyadan gələn təlimat Azərbaycanda və həmçinin İran istisna olmaqla mümkün olduqca Xəzər dənizinin limanlarını nəzərətə götürmək olub. İlk olaraq isə Taleh Ziyadov Azərbaycanda fəaliyyət göstərən irili-xırdalı bütün limanları öz nəzarətinə götürmək üçün mübarizəyə başlayıb. Lakin onun bu istəyi tam olaraq reallaşmayıb. Çünki Taleh Ziyadovun bu hədəfi bəzi məmurların maraqlarını təmin etməyib. Nəqliyyat naziri Ziya Məmmədov kimi, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev kimi güclü fiqurlarla üz-üzə gələn Taleh Ziyadov geri addım atmağa məcbur olub. Buna baxmayraq Taleh Ziyadov və İlham Mehrəliyev bu gündə limanlara nəzarəti ələ keçirmək üçün mübarizə aparmaqda davam edirlər.
Uzun illər boyu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də çalışdığını bildirən mənbə qeyd edir ki, Taleh Ziyadov və İlham Mehrəliyev cütlüyü QSC-yə rəhbər gətirildikdən sonra limanda uzun illər boyunca çalışan peşəkar işçiləri gözümçıxdıya salınıb, peşəkar işçilərin böyük qismi əsaslı səbəb olmadan işdən qovulub. Onların yerinə isə əsasən Gülən şəbəkəsi ilə bağları olan təcrübəsiz gənclər işə qəbul olunub. Qeyd edək ki, hələ bu ilin əvvəlində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin bir qrupp işçisi Taleh Ziyadovun özbaşınalıqları ilə bağlı ölkə prezidentinə müraciət imzalamışdılar. Həmin müraciət mətbuatda da dərc olunmuşdu.
Bütün bunları xatırlatmağımızın səbəbi var. Anaxəbər.az-a daxil olan məlumata görə, Türkiyədən Azərbaycana gələn "FETÖ hesabatı"nda Bakı Dəniz Ticarət Limanı ilə bağlı ciddi faktlar yer alıb. Türkiyə hökuməti bu faktların araşdırılmasını və Fətullah Gülən şəbəkəsinə bağlı olan şəxslərin aşkarlanaraq cəzalandırılmasını tələb edir. Artıq Azərbaycanın prokurorluq orqanlarının hərəkətə keçdiyi və araşdırmalara başladığı bildirilir.
Məlumdur ki, Türkiyə MİT-i bu hesabat üzərində uzun müddət işləyib və orda yer alan faktlar tam olaraq dəqiqləşdirilib. Ona görə də prokurorluğun tezliklə Bakı Dəniz Ticarət Limanında həbslərə başlaması gözləniləndir.
Mənbə: anaxəbər.az



































