14 dekabr 2019-cu il tarixdə Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) Ali Məclisinin toplantısı keçirilib.
Partiyasının mətbuat xidmətindən MilliYol.Az-a verilən məlumata görə, toplantıda partiyanın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkiləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərini zamanın tələbi adlandırıb. Partiya sədri ölkədə həyata keçirilən dərin siyasi və iqtisadi islahatların yeni parlamentə zərurət yaratdığını bildirib.
K.Seyidov qeyd edib ki, AARP bir siyasi təşkilat olaraq seçki prosesində fəal iştirak etməli, rayon təşkilatları ilə əlaqələri genişləndirməli, layiqli və fəal üzvlərinin parlamentdə təmsil olunmaları üçün dairələr üzrə onların namizədlikləri irəli sürülməlidir.
AARP-nin sədri Kamil Seyidov həmçinin onu da qeyd edib ki, rəhbərlik etdiyi partiyanın iqtidara yaxın digər bir neçə partiya ilə birlik yaratmaq və seçkilərdə vahid blok şəklində iştirak etmək məsələsi də gündəmdədir və hal hazırda bu məsələ müzakirə olunmaqdadır. Partiya sədri danışıqların gedişi ilə əlaqədar olaraq yaxın günlərdə partiya üzvlərinə və ictimaiyyətə geniş açıqlama veriləcəyini də diqqətə çatdırıb.
Tədbirdə AARP-nin seçki qərargahının sədri, partiya sədrinin birinci müavini Tərahim Abbasov çıxış edərək partiyanın rayon təşkilatlarının seçkilərə xüsusi maraq göstərdiklərini və proseslərdə fəal şəkildə iştirak etdiklərini bildirib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, partiyanın 42 dairədən namizədlər verməsi və onların seçkilərdə iştirakları ilə bağlı məsələlər artıq yekunlaşmaqdadır.