Müdafiə etdiyi şəxsdən 15 min manat pul vəsaiti almaqda ittiham edilən fəaliyyəti dayandırılmış vəkil Misir Şahquliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Şahquliyevə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan olunub.
Bu dəfə müttəhim kürsüsündə əyləşəcək vəkilin işini hakim Vüsal Qurbanov araşdıracaq.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı "Qafqazinfo” yayıb. Sonradan Baş prokurorluq məlumatı təsdiq edib. Qurumun yaydığı məlumatda deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.
M.Şahquliyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti Misir Şahquliyevin vəkillik fəaliyyətini dayandırılmaqla onun Kollegiyanın üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi ilə barədə qərar çıxarıb.