Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb
Son illərdə Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmış, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, 39 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri həyata keçirilmişdir.
Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
MilliYol.Az