ABŞ dövlət katibi Mayk Pompeo İranın daha da təcrid edilməsi məqsədilə əlavə tədbirlərə ehtiyac olduğunu bildirən mühafizəkarlara cavab verərək, Tramp administrasiyasının İrana qarşı sanksiyaları bərpa etmək qərarını müdafiə edib
“Fox” telekanalına bazar günü verdiyi müsahibədə Pompeo İran neftinin idxalını davam etdirmək üçün sanksiyalar rejimindən istisna edilən ölkələrin adlarını çəkməyib. O deyib ki, adı qeyd edilməyən səkkiz ölkənin İran neftinin idxalını “sıfır səviyyəsinə çatdırması üçün vaxta ehtiyacı var”.
Pompeo daha sonra deyib ki, istisnalara baxmayaraq, “sanksiyalar artıq böyük təsir göstərir”.
ABŞ dövlət katibi əlavə edib ki, Trampın yürütdüyü “maksimum təzyiq siyasəti tam qüvvəsi ilə sabahdan etibarən işə düşəcək”. Tramp adminstrasiyası İranın gəmiçilik, maliyyə və enerji sektorlarını hədəf alan sanksiyaların bərpa edildiyini elan edib. Bununla Tehrana qarşı tətbiq edilən sanksiyaların ikinci raundu bərpa edilir.
ABŞ prezidenti Donald Tramp bu ilin əvvəli Amerikanın İran və dünyanın altı qüdrətli dövləti arasında imzalanmış 2015-ci il sazişindən çıxdığını elan edib.
Pompeo bildirib ki, sanksiyaların əsas məqsədi “İran rejiminin xüsusilə də Hizbullah kimi terror qruplarına dəstək kimi məsələlərlə əlaqədar davranışını dəyişməkdən” ibarətdir.
Pompeo CBS telekanalına daha bir müsahibəsində İranın ABŞ-ın razılaşmadan çıxmasından sonra nüvə proqramını bərpa etməyəcəyinə əmin olduğunu bildirib. Dövlət katibi Pompeonun və maliyyə naziri Stiven Mnuçinin bazar ertəsi günü brifinq zamanı sanksiyaların bərpası ilə bağlı daha ətraflı məlumat verəcəkləri gözlənilir. (Amerikanın Səsi)
MilliYol.Az