“ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi hazırda gündəmdə dayanan məsələ deyil. Gündəmdə dayanan məsələ Ermənistan tərəfinin danışıqlar prosesinə konstruktiv yanaşmasıdır”
Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az-a müsahibəsində bildirib.
“Minsk qrupunun formatından imtina edirsənsə, o zaman alternativ format təklif etmək lazımdır. Dünyada mövcud olan ən güclü ölkələr, ABŞ, Rusiya və Fransadır. Siz dünyada Amerika, Rusiya və Fransadan güclü bir ölkə tapacaqsınızsa, mənə deyin. O da bəllidir ki, Türkiyə də, Çin də yüksəlir, biz buna sevinirik”.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ona görə güclüdür ki, ölkə həmişə davranışını beynəlxalq qanun çərçivəsində həyata keçirir: “Bizim beynəlxalq qanun çərçivəsindən kənara çıxmaq kimi bir fikrimiz də yoxdur”. S. Seyidovun fikrincə, danışıqların uzun illər davam etdiyi onu göstərir ki, bu prosesin içində incəliklər var: “Biz mövcud formatla işləyirik. Həmsədrlərin Bakıya səfərləri zamanı da cənab Prezident İlham Əliyev onları qəbul etdi. Deməli, biz bu formatla işləyirik. İşləyiriksə, sözümüzü deməliyik, mövqeyimizi müdafiə etməliyik və mövqeyimizi əks tərəfə məntiqlə, beynəlxalq qanunla çatdırmalıyıq. Ən çətin məsələ əks tərəfin qeyri-konstruktiv olmasıdır. Biz bəzən problemi Minsk qrupunun içərisində axtarırıq. Ancaq problem əks tərəfin qeyri-konstruktiv yanaşmasıdır.
Fərz edək ki, sən Minsk qrupunun formatını dəyişdin, amma Ermənistan yenə də qeyri-konstruktiv mövqedə qalacaq. Ermənistanın bu davranışının əsası var. Ona görə ki, konstruktivlik qanuna aparan yoldur. Qanun isə Azərbaycanın tərəfindədir”.
S. Seyidovun sözlərinə görə, ermənilərin Dağlıq Qarabağ məsələsində ən birinci addımları qeyri-qanuni olduğuna görə, tikdikləri bina da qanunsuz bünövrənin əsasındadır: “Bu qanunsuz bünövrəni binanı yenidən tikməklə dəyişdirmək mümkün deyil. Çünki işğal özü qanunsuzdur. Bunu əvvəlcə etiraf etmək lazımdır ki, Azərbaycan torpaqları işğal altındadır, nə qədər insan qaçqın və köçkündür. Bundan sonra beynəlxalq qanunlara uyğun bir bina tikilə bilər. Bunu qəbul etməmiş konstruktivlikdən danışmaq çətindir. Yəqin Minsk qrupunun içərisində bu məsələ yenə gündəmə gəlib ki, əks tərəfi konstruktivliyə, beynəlxalq qanunların prinsiplərinə riayət etməyə dəvət edək”.
S. Seyidov vurğulayıb ki, Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı ilə bağlı status-kvo qəbuledilməzdir: “Həmsədrlər də status-kvonun dəyişdirilməsini gündəmə gətirirlər. Azərbaycan da həmsədrlərlə iş görür və görəcək də. Çünki dünyada başqa alternativ danışıqlar formatı sadəcə mövcud deyil. O başqa məsələ ki, biz nə dərəcədə bu prosesin gedişindən razı və ya narazıyıq. Təbiidir ki, uzun illərdir bir nəticə əldə olunmadığına görə, durub “biz bu prosesdən razıyıq” desək, qəribə səslənər. Bir sözlə, təbii ki, biz narazıyıq”.
MilliYol.Az