“Yaxın gələcəkdə İranın həm daxili, həm də xarici siyasətində çətin dövrün yaşanacağı istisna deyil”
Bunu AzNews.az-a açıqlamasında siyasi elmlər doktoru, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı dedi. O, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların nəticəsini və bunun regiona təsirini şərh elədi.
H.Cabbarlı bildirdi ki, Tramp administrasiyasının xarici siyasətdə İrana qarşı sərt mövqe tutmasının nəticəsi olaraq bu ölkəyə iqtisadi sanksiyalar tətbiq olunmağa başlanıldı. Xüsusilə, enerji sahəsinə tətbiq olunan sanksiyaların İran iqtisadiyyatı üzərində çox ciddi problemlər yaradacağı ehtimalı yüksəkdir:
“Hələ Amerikanın İrana qarşı sanksiyalar tətbiq edəcəyi xəbəri çıxandan sonra İran valyutası dollar qarşısında olduqca ucuzlaşdı. Sanksiyalar tətbiq edilmədən əvvəl Amerikanın müttəfiqləri-Almanya və Fransa İranla ticarət əlaqələrini daha aşağı səviyyəyə çəkməyə başladılar. Əlbəttə, İranın əsas gəlir mənbəyi enerji sektoru olduğuna görə, bu sanksiyalar İrana təsirsiz ötüşməyəcək. Bu, eyni zamanda, İranın daxili ictimai-siyasi həyatında da gərginliyə səbəb ola bilər. Çünki indiki maliyyə imkanları ilə İran dövləti hərbi qüdrətini qorumaqla bərabər, ölkənin iqtisadi problemlərinin həll edilməsi istiqamətində də müəyyən addımlar ata bilirdi. Sosial porblemlərin gündəmə gəlməsi əhalinin rejimə qarşı münasibətini dəyişə bilər. İran rejiminə qarşı hər hansı etiraz aksiyası başda ABŞ olmaqla digər dövlətlər tərəfindən dəstəklənə və istiqamətləndirilə bilər.
İran xalqının isə rejimdən müəyyən dəyişikliklər tələb edəcəyi ehtimalı da yüksəkdir. Belə olduğu təqdirdə, İranın etirazçı xalq kütlklərinə qarşı sərt tədbirlər görəcəyi mümkündür”.
H.Cabbarlıya görə, ABŞ-ın İrana sanksialar tətbiq etməsi müəyyən mənada İranın qonşu dövlətlərində də problemlər yarada bilər:
“Düşünürəm ki, Azərbaycanın İranla ticarət münasibətlərini inkişaf etdirməsi məsələsinə qarşı ABŞ loyal davrana bilər. ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri zamanı da Azərbaycanın yerləşdiyi geosiyasi mövqeyinə görə qonşu dövlətlərlə-yəni İrana olan münasibətlərini anladıqlarını bildirmişdi.
İran bizim qonşu dövlətdir, enerji sahəsində müəyyən əməkdaşlığımız var. Azərbaycan İrana təbii qaz verir, İran da öz təbii qazını Naxçıvana verir. Bu əməkdaşlıq iki ölkə arasında baş tutan sövdələşmə əsasında həyata keçirilir. Amma bu əməkdaşlıq İran iqtisadiyyatına o qədər də gəlir gətirmir. ABŞ-ın isə əsas məqsədi İranın aparıcı enerji sektoruna zərbə vurmaqdır. Bu baxımadan, sanksiyaların həyata keçirilməsindən sonra İranda daxili sabitliyin pozulması Azərbaycanı narahat edən bir məsələdir. Daxili sabitliyin pozulması müxtəlif arzuolunmaz məsələlərə gətirib çıxara bilər. Ümumən bundan sonrakı hadisələrin necə cərəyan edəcəyi İran hökumətinin sanksiyalara necə münasibət göstərəcəyindən asılıdır. Bu baxımdan, yaxın gələcəkdə İranın həm daxili, həm də xarici siyasətində çətin dövrün yaşanacağı istisna deyil. İranın ABŞ sanksiyaları qarşısında uzun müddət duruş gətirməsi çətin olacaq və hökumətin ABŞ-la danışıqlara getmə ehtimalını da diqqətdən qaçırmaq olmaz”.
MilliYol.Az