Millət vəkili Tahir Kərimli Azərbaycan himinin qısaldılması ilə bağlı təklifinə görə kəskin tənqid olunub. Onu müqəddəs himni zədələməkdə ittiham ediblər və özü ilə bağlı bir çox ironik fikirlər irəli sürülüb
Deputat T.Kərimli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, təklifinə verilən reaksiyalar onu həm sevindirir, həm də kədərləndirir: “Ona görə sevinirəm ki, xalq özünün müqəddəs hesab etdiyi dəyəri hiss edir, amma ona görə kədərlənirəm ki, bunu kor-koranə edir. Sanki Sabirin dövründəki xalq qiyafəsini dəyişib, başqa fərqi yoxdu.
Birincisi, bu müqəddəs dəyərdirsə, bundan əvvəl nə üçün dəyişilib. “Cümlə hazırız”, “Cümlə qadiriz” sözləri dəyişdirilib. Üç il əvvəl dövlət rəhbərliyinin razılığı ilə bəstəkar Rauf Əliyev himni aranjeman edib, xeyli dərəcədə qısaldıb və sürətləndirib.
Müqəddəs idisə, niyə dəyişdirdilər?
İkincisi, söhbət sözlərdən yox, müsiqidən gedir. Musiqinin həcmi azaldılmalıdır. İndiki xalq heç bilmir ki, “Cümlə hazırız”, “Cümlə qadiriz”, “Sənə bir çox məhəbbət” nə deməkdir. İndi pafosla, ritorika ilə deyirlər ki, müqəddəs dəyərə dəymək olmaz.
Üçüncüsü, mən məsələni belə qoymuşam ki, himndə “Üç rəngli bayrağınla məsud yaşa” təkrar olunur, iki dəfə “Azərbaycan” yazılır biz 4 dəfə oxuyuruq. Nəqarətlər götürülsün, minor notlar çıxarılsın. Mən musiqinin qısaldılmasını, minor notların götürülməsini, mübariz əhval ruhiyyədə fon verilməsini təklif etmişəm.
Bu müstəqil dövləti də, himni də biz qaytarıb xalqa vermişik. Müstəqilliyə qarşı çıxanlar indi məni tənqid edirlər. Biz vermişik, indi mükəmməl olmasını istəyirik. Güzgünü toz basıbsa, onu təmizləyənə deyirlər ki, niyə sındırırsan.
Mənə qarşı olan ittihamlara baxıram, bəziləri çox yaxşı izahlar verirlər. Amma 18-20 yaşlı adamlar ya da qocalar elə deyir ki, guya biz müstəqilliyə qəsd edirik. 23 ildir Konstitusiya qəbul olunub, ondan əvvəl sözümüzü deyə bilməmişik, bundan sonra da deyə bilməyəcəyik? İndi imkan var ikən bunu edək, düzəldək”.
Millət vəkili onun barəsində “Tahir Kərimli musiqini Üzeyir Hacıbəyovdan yaxşı bilir?” tənqidinə də cavab verib: “Mən heç Üzeyir Hacıbəyovun bildiyinin bir faizini bilmirəm, o dahidir. Amma Üzeyir bəy bu himni gəncliyində yazıb, sonradan musiqi təhsili alıb. Azərbaycan Sovet Respublikasının himnini yazanda minor notdan imtina edib, major notdan istifadə etdi.
Mən dəfələrlə tədbirlərdə görürəm, sonuncusunda Türkiyənin himni 1 dəqiqə 30 saniyəyə bitdi, bizimki 4 dəqiqə səsləndi. Əcnəbilər də, bizimkilər də himn səslənəndə artıq bir-biri ilə söhbət edirlər, fırlanırlar, gəzirlər. Bu da mənə pis təsir edir.
Mən xalqıma mat-məəttəl qalmışam. Özün eşşəyə minirsən deyirlər uşaq yerdə qalıb, uşağı mindirirsən deyirlər qoca kişi yerdə gedir, uşaqla birgə minirsən deyirlər eşşək yazıqdı, minməyəndə də deyirlər bunların başı xarabdı. Mən bilmirəm bu xalq üçün nə edəsən. Elə deputatsansa, deməli pissən. Hamımız üçün yazırlar ki, milyonerdi. Biz də sənin kimi sadə həyat yaşayırıq. Əbülfəz Elçibəy İsmayıllıda bizdə qalanda, uşaqlara bu mahnını oxutdururdu, özü də ayaq üstə dururdu, biz də dururduq. İndikindən fərqli olaraq o vaxt mən Əbülfəz bəyə inanırdım. İndi siz bu himni məndən çox sevəcəksiz? Qoyun bunu mükəməlləşdirək də. Himndə nikbinlik, mübarizlik, heyranlıq, cəngavərlik ruhu olmalıdır. Bu xalqa yüz faiz təhsillidir deməklə deyil, yazıb-oxumağı bilir deyə təhsilli deməliyik? Bizim on minlərlə alimimiz dövlətdən maaş alır, amma heç bir iş görmür. Adı alim olmaqla deyil ki... Mən Milli Məclisdə qanun qəbul edirəm deyə mənə cinayət işi açacaqsız? Mən başa düşmürəm insanlar nə istəyir”.
MilliYol.Az