Toyda bəylə oynamaq üstündə başlayan mübahisə zamanı qonağı öldürən şəxs hakim qarşısına çıxarılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Hadisə bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda baş verib. Hadisə rayonun Gedəzeyxur kəndində qeydə alınıb.
Belə ki, kənddə keçirilən toy mərasimi zamanı gecə saat 23:30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
İttihamda yazılır ki, İlham Qədirovu təzəbəy Elnur Babayevin dayısı, 39 yaşlı S.Mirzəbəyov bıçaqlayıb. Mərhum İlham Qədirov isə toyda bəyin sağdışı olub. Onunla təzəbəyin dayısı S.Mirzəbəyov arasında rəqs etmək üstündə mübahisə düşüb. Mübahisə nəticəsində bəyin dayısı qonağı bıçaqlayaraq qətlə yetirib.
Elan olunmuş ittiham üzrə Səlim Mirzəbəyov özünü təqsirli bilib.
Məhkəmədə mərhum İlqar Qədirovun hüquq varisi kimi atası İslam Qədirov ifadə verib.
O söyləyib ki, həyat yoldaşı ilə boşanıb, özü Qusar rayonunda, oğlu isə anası ilə Bakıda yaşayırmış.
Qədirov mərhum oğlunun 2 azyaşlı övladının olduğunu bildirib:
"İlqar Bakıda N saylı hərbi hissədə gizir idi. Hadisə günü İlqara gecə saat 11 radələrində zəng vurdum ki, gəlib onu evə aparım. Xahiş elədi ki, bəyi oynadacaqlar, sonra gəlim. Gecə 1-in yarısında polisdən mənə zəng etdilər. Dedilər ki, oğlun toyda dava salıb, bölməyə gəlməyimi istədilər. İlqara zəng etdim, amma telefonunu açan olmadı. Sonra qayınatası ilə danışdım. Bildirdi ki, oğlum öldürülüb və hazırda morqun qabağındırlar. Mən də ora getdim".
Sualları cavablandıran İ.Qədirov qeyd edib ki, oğlunun dəfn mərasiminə təqsirləndirilən şəxsin yaxınları gəlməyib. Ata oğlunu öldürən şəxsi bağışlamadığını deyib.
Məhkəmədə S.Mirzəbəyov dindirilib. O deyib ki, hadisənin baş verdiyi məkan bacısının toy evi olub. Onun sözlərinə görə, İlqar Qədirovla aralarında mübahisə rəqs etmək üstündə olub.
İçkili olduğunu deyən Mirzəbəyov bəylə rəqs edərkən mərhumla mübahisə etdiyini söyləyib: "Bəy oynayan zaman mən də qoşuldum. Bu zaman mərhum İlqar mənim onlarla oynamağıma irad bildirdi. Mən isə onun dediyinə əməl etmədim və oynamağa davam etdim. Sonra İlqar məni bağa aparıb, orda döydü, təhqir etdi. Səbəbini soruşanda heç nə demədi. Sadəcə mənim onlarla oynamağımı istəmədiyini söylədi. O, məni bağda döyən zaman bizi heç kəs ayırmadı".
Təqsirləndirilən şəxs deyib ki, bağda döyüləndən sonra stolun üstündə olan mətbəx bıçağını götürüb, mərhumun üstünə gedib: "İlqara bir bıçaq zərbəsi endirdim. Bu zaman toyda olan adamlar üstümə atıldı və bizi ayırdı. Mən də çəpərdən tullanıb, evimizə getdim. Sonra polislər gəlib məni apardı".
Mirzəbəyov suallara cavabında yarım litr araq içdiyini deyib.
MilliYol.Az