Milli Məclisin iclasında himn və gerb məsələləri geniş müzakirə olundu
Deputat Tahir Kərimli dedi ki, hələ uşaqları kiçik olarkən övladlarına Azərbaycanın himnini əzbərlətdirib. Amma bu gün himnin uzun olması onu razı salmır: “Mənim musiqidən başım çıxmır, hansı ki, uşaqlarımın üçünün də musiqi təhsili var. Amma Azərbaycanın Dövlət Himni çox uzundur və bədbin notlar üzərində qurulub. Üzeyir Hacıbəyli Azərbaycanın sovet himinini də yazıb. Açığını deyim, o himn indikindən daha şaqraqdır. Bütün ölkələrin himni uzağı 2 dəqiqədir, birizmki 4 dəqiqə... Ona görə də təklif edirəm, himnimizin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, ikincisi, bədbin notlar götürülsün”.
Komitə sədri Rafael Hüseynov “gerb” sözünün “herb” kimi yazılmasını təklif etdi: “Müqəddəs rəmzlərin yazılışında dil xətaları olmamalıdır.Əslində sözün orijinalı herbdir, amma biz onu ruscadan götürüb “gerb” etmişik. Hansı ki, biz haqlı olaraq herablika elmi deyirik, gerablika yox. Ona görə də bu düzəliş mütləq edilməlidir”.
Komitə sədri Siyavuş Novruzov isə dedi ki, bu adları dəyişməkdən ötrü Konstitusiyada dəyişiklik etmək lazımdır: “Hər dəyişiklik xeyrə gətirmir. Biz dəyişiklik edib 100 illik tariximizdən niyə imtina etməliyik? Məsələn, bizim bayrağımızın əvəzi yoxdur, hər dəfə baxanda adamın ürəyi dağa dönür. Ona görə də mən dəyişikliklərin əleyhinəyəm. 1993-cü ildə bu məsələ qaldırıldı, amma ümummilli lider buna qarşı çıxdı. Bizim atributlar yerindədir. Ona görə də səsə qoyaq, qəbul edək”.
Deputat Fəzail İbrahimli dedi ki, AXC Azərbaycan gerbinin və möhürünün təsdiq olunması haqqında iki dəfə cəhd etdi. 1919-cu ildə bu istək baş tutmadı. 1920-ci ildə növbəti cəhd oldu. Amma nakam qaldı, Cümhuriyyət süquta yetirildi: “Onu biz etik”.
F.İbrahimli dedi ki, himndə Azərbaycanın təqdimatı, tarixi var: “Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar”
Spikersə “yan keçirik, narahat olmayın, görürsünüzmü səsə qoyuruq” deyib layihəni səsverməyə çıxartdı. Yekdilliklə layihə qəbul olundu.
MilliYol.Az