Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları noyabrın 2-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüblər
Azərbaycanın Baş naziri Novruz Məmmədov görüşdə iştirak edib.
Prezident Nursultan Nazarbayev MDB üzv ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsində Şuranın iclasının xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu tədbir qarşılıqlı faydalı əlaqələrin daha da inkişafına kömək edəcək. Dövlət başçısı MDB ölkələri arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini söylədi.
Qazaxıstan Prezidenti deyib ki, MDB ölkələrimiz arasında tarixi əlaqələrin qorunmasına və hər bir ölkənin suverenliyini gücləndirməyə imkan verən tamhüquqlu bir təşkilatdır. MDB daxilində qarşılıqlı ticarət artmaqda davam edir. Ötən il ticarət dövriyyəsi 164 milyard ABŞ dolları təşkil edib ki, bu da 25 faiz artım deməkdir.
N.Nazarbayev MDB Hökumət Başçıları Şurasının əvvəlki iclasının yekunlarına da toxunaraq bildirib: “Biz təşkilatın gücləndirilməsi məsələlərini nəzərdən keçirdik. Bu, işin səmərəliliyinin artırılmasına və müasir reallıqlara uyğunlaşdırılmasına yönəlmiş modernləşmə prosesinin təşviqini nəzərdə tutur. Birlik çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə İqtisadi İnkişaf Strategiyasını yeniləmək və MDB ölkələrinin Xidmətləri üzrə Azad Ticarət Sazişinin qəbul edilmiş layihələrinin icrasını sürətləndirmək lazımdır”.
Bundan əlavə, Qazaxıstan Prezidenti Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında irəli sürülən yeni təkliflərin müzakirəsinin nəticələri barədə məlumat verib. Təkliflərin arasında Birlik daxilində ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat və logistika, turizm sektorlarında qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması, kosmik sənayedə layihələrin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və innovativ həllərin istifadəsi məsələləri mühüm yer tutur.
N.Nazarbayev Dövlət Başçıları Şurasının iclasında irəli sürülən təkliflərin yerinə yetirilməsi ilə bağlı praktiki işin lazım olduğunu qeyd edib, bütün istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasının vacibliyini bildirib. O vurğulayıb ki, bu təşəbbüslərin həyata keçirilməsi həm iqtisadi inkişafa, həm də iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək.
MilliYol.Az