Zahid Oruc: “Bütün bunları mən demirəm."
Milli Məclisin son iclasında deputat Zahid Oruc Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevlə bağlı sərt tonda çıxış edib. Zahid Oruc bildirib ki, bu yaxınlarda onun diqqətini bir xəbər cəlb edib.
Belə ki, sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib, bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub: “Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətində Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu məsələ ilə bağlı Tamerlan Qarayev reaksiya verməlidir”.
Z.Oruc vurğulayıb ki, o dövrün hadisələri hər kəsə aydındır, kiminsə birləşməsi, ayrılması, müxalif qüvvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində heç bir nə siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib: “Tamerlan Qarayev hazırda səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm. Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımağa, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməlidir, buna borcludur. Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq və başqa bir şəxsi müdafiə etmək, hazırkı hakimyyətin mövqeyi ilə razılaşmamaqla, məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”.
Maraqlıdır ki, Zahid Oruc deputatın adını çıxışında açıqlamayıb.
Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, əsas məsələ keçmiş deputatın kimliyi yox, həmin şəxsin hansı məsələdən danışması, nəyi açıqlamasıdır. Ona görə də Milli Məclisdə həmin şəxsin adını çəkməyi vacib bilməyib: “Burada gizlətməli nə isə yoxdur. Bir neçə həftə əvvəl ”Meydan TV"-də Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin debatı olmuşdu. Orada İqbal Ağazadə bəyan edir ki, 2003-cü ilin fevral ayında Tamerlan Qarayev və bir qrup tanınmış qarabağlı onu yemək süfrəsinə dəvət ediblər. Həmin görüşdə onu israrla razı salmağa çalışıblar ki, İsa Qəmbərin prezidentliyə namizədliyini müdafiə etsin. İqbal Ağazadənin dediyinə görə, o, kontr-arqumentlərini söyləyib ki, İsa Qəmbərin hakimiyyətə gəlmək şansı yoxdur, lakin sizin israrlarınız qarşısında mən kompromisə gedərəm. İqbal Ağazadə həmin görüşdə qarşılıqlı olaraq razılaşmalara getdiklərini də deyir və bildirir ki, Tamerlan Qarayev oradaca söyləyib ki, hakimiyyət dəyişəcək və İsa Qəmbərin prezident olduğu hakimiyyətdə mən Konstitusiya Məhkəməsinin sədri olacağam.
Bütün bunları mən demirəm İqbal Ağazadə deyir. Ona görə də mən Milli Məclisdə bildirdim ki, Tamerlan Qarayevin bu məsələyə münasibət bildirməsi gərəkir. Çünki Tamerlan Qarayev səfirdir və vəzifələr daşıyıcısıdır".
Qeyd edək ki, bir sıra siyasi ekspertlər bu hadisənin Tamerlan Qarayevə qarşı zaman-zaman müşahidə olunan kampaniyanın yeni bir simptomu olduğunu və sifarişlə həyata keçirildiyini düşünürlər. Bir çoxları isə bildirir ki, Zahid Orucun Milli Məclisdə dediklərinin sifarişlə səsləndirilən fikirlər olduğu inandırıcı deyil. Çünki Zahid Oruc o cür qruplaşmalararası mübarizədən kənarda qalan şəxslərdəndir. Onun Tamerlan Qarayevə və başqasına qarşı istifadə edilməsi inandırıcı görünmür.
MilliYol.Az