“Səudiyyə Ərəbistanının məsul şəxsləri Camal Qaşıqçının öldürülməsi ilə bağlı cinayət işinin istintaqına dəstək vermir”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.
“Heç kim məsuliyyətdən qaça bilməz. Bu, bütün dünyaya məlum olan məsələdir. Bu cinayət ört-basdır edilə biləcək bir məsələ deyil. Bütün hadisələrin aydınlaşması üçün Səudiyyə Ərəbistanının məsul şəxslərinin əməkdaşlıq edəcəyini gözləyirik. Türkiyənin Baş Prokurorluğunun bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanına yazılı müraciət etməsinə baxmayaraq, heç bir cavab almayıb”, – nazir vurğulayıb.
Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Əvvəlcədən tərtib olunan plana əsasən, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olan kimi boğularaq öldürülüb və meyiti daha sonra parçalara ayrılaraq yox edilib.
Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.
Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.
Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib jurnalistin öldürülməsinə görə oktyabrın 28-də Türkiyəyə səfər edib. O, oktyabrın 31-də isə ölkəni tərk edib.
MilliYol.Az