Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir
Bununla da, vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı işləri daha da sadələşir.
Bu barədə noyabrın 1-də Daşınmaz Əmlakın Dövlət Reyestri ilə Milli Arxiv İdarəsi arasında imzalanma mərasiminə həsr olunmuş tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib.
Xidmət rəisi qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatında sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsiplərini nəzərə alaraq, əhaliyə göstərilən ictimai xidmətləri maksimum sadələşdirir, prosedurları optimallaşdırır, o cümlədən müasir dövrün tələblərinə uyğun yeniliklər tətbiq edir, intensiv elektronlaşmanı həyata keçirir.
Onun sözlərinə görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub olmadığı anındaca onlayn olaraq müəyyənləşəcək. Arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmır, vətəndaş-məmur ünsiyyəti minimuma enir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması nəticəsində reallaşacaq.
H.Mustafayev bildirib ki, onlayn əlaqənin qurulmasında məqsəd daşınmaz əmlaka çıxarış almaq üçün arxiv sənədlərinin operativ qaydada əldə edilməsinə, qeydiyyatla bağlı əməliyyatlarda arxiv arayışların sürətli şəkildə alınmasına, nəticə etibarilə vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Həmçinin tərəflər arasında məlumat mübadiləsinin vahid baza əsasında həyata keçirilməsinin təmin edilməsidir: “Görülən işlərin nəticəsidir ki, “Doing Business 2019” hesabatında ölkəmiz daşınmaz əmlakın qeydiyyatı sahəsi üzrə 4 pillə irəliləyərək 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan bir neçə Avropa ölkəsini, o cümlədən Polşanı, Rumıniyanı, Bolqarıstanı qabaqlayıb.
Vurğulanıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanan memorandum vətəndaşların qeydiyyat xidmətlərindən daha rahat və sadə şəkildə yararlanmasına şərait yaradacaq. Həmçinin memorandum iki qurum arasında əlaqələrin genişlənməsinə, sənəd dövriyyəsində çevikliyin artmasına imkan verəcək.
Diqqətə çatdırılıb ki, vətəndaşlar qeydiyyat üçün tələb olunan sənədin arxivdə olub-olmamasını müəyyən etmək üçün müvafiq idarəyə getməli olurdular. Bununla bağlı olaraq xidmətin ərazi idarələri tərəfindən müvafiq arxiv idarələrinə sorğular göndərilir, onların arxiv əsasının olub-olmaması məsələsi aydınlaşdırılırdı. Artıq komitə ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması vətəndaşların bu məsələsini onlayn olaraq yerinə yetirir.
Vətəndaşlar sadəcə ərazi idarələrinə müraciət edir, həmin ərazi ofisləri vahid elektron informasiya sisteminə inteqrasiya olmaqla sənədlərin arxivini yoxlayırlar. Bununla da, həm vətəndaşların vaxt itkisi olmur, həm də kağız üzərində yazışmalar aradan qaldırılır.
Tədbirdə vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində tətbiq olunan bəzi yeniliklər barədə də məlumat verilib.
Qeyd edilib ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların elektron qaydada verilməsi, çıxarışların 1 iş günü müddətində alınması, yüklülük haqqında arayışların notariuslar tərəfindən onlayn qaydada əldə olunması, vətəndaşların işini xeyli sadələşdirib.
Həmçinin notariusların daşınmaz əmlaka dair alğı-satqı müqavilələrini təsdiqlədikdən sonra onları elektron üsulla daşınmaz əmlakın dövlət reyestrinə göndərməsi bu amala xidmət edən yeniliklərdəndir.
Tədbirdə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkib. Bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərdə əlçatanlığın artırılmasına yönəlib.
Daha sonra “Daşınmaz əmlakın qeydiyyatında elektron arxivin yaradılması” mövzusunda təqdimat keçirilib.
Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində atılan addımlardan biri arxivlərin elektronlaşdırılması olub. Hazırda arxiv sənədlərinin vahid qovluq sisteminə uyğun yığılması, skan edilməsi tam başa çatdırılıb. Sənədlərin rəqəmləşdırılməsı istiqamətində isə işlər davam etdirilir. Ümumilikdə 2 milyon 500 minə yaxın daşınmaz əmlaka dair sənədlər mövcuddur.
Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev və Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov fəaliyyət istiqamətləri üzrə elektron əlaqələrin qurulması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıblar.
Memorandumda daşınmaz əmlaka dair arxiv sənədlərinin elektron informasiya sistemləri vasitəsilə əldə edilməsi, tərəflər arasında fəaliyyət sahələri üzrə mövcud məlumat bazalarına inteqrasiyanın təmin olunması, o cümlədən birgə layihələrin reallaşdırılması öz əksini tapıb.
Sonda tədbirdə iştirak edən ekspertlər qeydiyyat sahəsində vətəndaşayönəlik ictimai xidmətlərin tətbiqinin, sosial layihələrin həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar/Azərtac.
MilliYol.Az