Zəngin ölkədə yaşamaq təhsilə bərabər çıxış imkanları vermir
Bunu UNICEF-in yeni araşdırması üzə çıxarıb. Avropa Birliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 41 üzvü məktəbəqədər, ibtidai və orta məktəb təhsili imkanları üzrə sıralanıb. Uşaqların təhsili ilə valideynlərinin peşəsi, mühacirlik, gender və məktəbin xüsusiyyətləri də öyrənilib.
“Hesabatımız onu göstərib ki, ölkələr uşaqlara hər iki dünyanın ən yaxşısını verə bilərlər: onlar təhsildə böyük uğurlar qazana, bərabərsizliyi nisbətən az hiss edə bilərlər. Amma bütün zəngin ölkələr imkansız ailələrdən gələn uşaqlar üçün daha çox iş görə bilərlər və bunu etməlidirlər, çünki bu uşaqlar təhsildə daha çox geri qala bilərlər”, – UNICEF Innocenti təşkilatının direktoru Priscilla Idele deyib.
Təhsilin müxtəlif mərhələlərində ölkələrin bərabərsizliyi necə aradan qaldırması göstəriciləri də dəyişir. Məsələn, İrlandiya və Sloveniya məktəbəqədər hazırlıq üzrə son yerlərdə, ibtidai təhsildə orta, orta təhsildə isə başdadır. Fransa məktəbəqədər hazırlıq üzrə yüksək göstəricilərlə öyünsə də, orta təhsildə sonuncu yerlərdədir.
Məcburi təhsilin sonuna doğru Latviya, İrlandiya və İspaniya ən çox bərabər şərtlərin yaradıldığı ölkələrdir.
15 ölkədə ikinci nəsil immiqrant uşaqlarının qeyri-mühacir uşaqlardan geri qaldığı üzə çıxıb. Amma Avstraliya və Kanadada ikinci nəsil mühacir uşaqları qeyri-mühacir uşaqlardan öndədir. Hesabatda deyilir ki, bu, müxtəlif ölkələrə miqrasiyanın fərqli örnəklər ortaya qoyduğunu göstərir.
Daha bir maraqlı məqam bütün ölkələrdə qızların oğlanlardan oxu testləri üzrə öndə olmasıdır. Uşaqlar böyüdükcə isə bu uçurum da böyüyür. Lakin burada da ölkələr arasında böyük fərqlər üzə çıxır. İrlandiyada 15 yaşlı qızlar oğlanlardan 2% daha yaxşı göstərici göstərir. Bolqarıstanda isə oğlanlardan 11% öndədirlər.
(Azadlıq radiosu)
MilliYol.Az