Trampın qatı tərəfdarları terrora əl ata bilər
Konqres və ştat seçkiləri yaxınlaşdıqca heç kəs ölkədəki terrorçuluğun prezident Donald Trampın hiper-tərəfdarları içindən qaynaqlanmasına təəccüblənməməlidir. Çoxları elə Trampın təhrikçiliyini nəzərə alaraq onun ardıcıllarının zorakılığa əl atacağı xəbərdarlığını edirdi.
“Project Syndicate” portalında Elizabeth Drev seçki yaxınlaşdıqca ölkənin siyasi mənzərəsində daxili terrorun dominantlıq təşkil etdiyini vurğulayır.
Seçkiyə iki həftə qalmış prezidentin qəzəbli tərəfdarlarından biri tanınmış demokratlara və digərlərinə 14 bomba göndərdi, xoşbəxtlikdən heç biri partlamadı. Şənbə günü isə Pitsburqda sinaqoqda 11 yəhudi öldürüldü. “Bu gün qütbləşmiş və narahat amerikan cəmiyyətinin başında milləti rahatlaşdırmaqda maraqlı olmayan, onu nifrətdən, ölümcül tərəfgirlikdən uzaqlaşdırmağa getdikcə daha az çalışan bir prezident durur”, – yazan müəllifin fikrincə, konqres seçkisi zamanı istənilən hadisə baş verə bilər. O, Trampın seçkiqabağı tədbirlərinin demək olar, hər gün keçirildiyini və onun yalanlarının da əvvəlkindən daha çox eşidildiyini qeyd edir. Di gəl, gözlənən seçki xeyli həlledici sayılır, çünki respublikaçıların hökumətdə iki ildir davam edən dominantlığına son verə bilər.
“Adətən, yeni prezident seçiləndən sonra keçirilən konqres seçkisi onunla bağlı verdikt sayılır, çox vaxt da partiyası Nümayəndələr Palatasında gücünü itirir. Amma Tramp bu seçkini özüylə misilsiz dərəcədə əlaqələndirir. O, izləyicilərinə deyir ki, onun adı seçki bülletenində olmasa da, elə bilsinlər, ona səs verirlər.
Demokratların Senatdan çox Palatada üstünlük qazanacağına dair gözləntilər var… Respublikaçıların hər iki palatanı nəzarətdə saxlamasına dair Trump-ın qətiyyəti, yaxud narahatlığı anlaşılandır. Demokratlar Palataya nəzarəti ələ alarsa, yeni komitə sədrləri administrasiyanın bir sıra addımları, agentlikləri ilə bağlı təhqiqat başlada bilər, axı, həmin yerlərdə genişmiqyaslı korrupsiya sarıdan şübhələr var”, – məqalədə deyilir və Trampın ən çox da özüylə bağlı araşdırmalardan ehtiyatlandığı vurğulanır.
(Azadlıq radiosu)
MilliYol.Az