Nikita Xruşovun təkcə hakimiyyətdə olduğu illərdə yox, bəlkə də bütün həyatı boyu ən çox həyəcanlandığı gün həmin gün olub – 31 oktyabr, 1961-ci il...
Məhz həmin gün İosif Stalinin nəşi mavzoleydən çıxarılaraq Kreml divarları qarşısında dəfn edilib.
Bu məxfi əməliyyat gözlənilmədən baş verib. Daha doğrusu, on milyonlarla sovet vətəndaşı bu haqda düşünməyi ağıllarına belə gətirməyib.
1961-ci ilin oktyabrın 30-da 12 gün davam edən partiyanın 22-ci qurultayının sonuncu günündə, səhər iclasında qurultayın gündəliyində olmayan bir məsələ gözlənilmədən müzakirəyə çıxarılıb. Həmin gün qurultayın iclasına Şvernik sədrlik edib. İclas başlayan kimi o, katibliyə daxil olan müraciəti əsas gətirərək Leninqrad vilayət Partiya Komitəsinin 1-ci katibi Spiridonava söz verib. Təbii ki, bütün bunlar əvvəlcədən planlaşdırılıb. Spiridonov öz çıxışında Leninqrad kommunistlərinin müraciətini qurultay nümayəndələrinə catdıraraq Stalinin nəşinin mavzoleydən çıxarılması məsələsinin qurultayda müzakirə olunmasını təklif edib. Qurultay onun təklifini müsbət qəbul edib və müzakirələr başlanıb.
Stalinin əleyhinə olan çıxışlar çox da uzanmayıb. Sonda Podqornı çıxışlara son qoymağı təklif edib və qurultayın Stalinin mavzoleydən çıxarılması haqqında əvvəlcədən hazırlanmış qərarını oxuyub. Yekdilliklə Leninin mavzoleyə “şəriksiz sahib olmağı”na səs verilib. Bununla da qurultay öz işini yekunlaşdırıb.
Xruşov bu məsələyə olduqca ehtiyatla yanaşıb. Ölümündən sonra da milyonların ürəyində böyük sevgi ilə yaşayan Stalinin tərəfdarlarının kəskin reaksiyası, hətta böyük ixtişaşlara, kütləvi mitinqlərə səsbəb ola biləcək hadisələr onu qorxudub. Elə bu məqsədlə də o, bütün təhlükəsizlik və ehtiyat variantlarını işə salıb.
Əvvəlcə belə qərara gəlinib ki, Stalini Novodeviçye qəbirstanlığında dəfn etsinlər. Amma Xruşovun öz tərəfdarları bunu SSRİ-ni müharibədən çıxaran bir şəxsə çox böyük hörmətsizlik kimi qəbul ediləcəyini vurğulayıblar və daha böyük səs-küyə səbəb olacağını söyləyiblər. Xruşov razılaşıb və qərara alınıb ki, Stalin Kreml divarları qarşısında dəfn olunsun.
Oktyabrın 31-də axşam saat 18-də Qırmızı Meydana giriş dayandırılıb. Meydanda Moskva hərbi qarnizonunun şəxsi heyəti və zirehli texnikalar görünüb. Hərbçilərin meydanda görünməsini 7 noyabr paradına hazırlıq kimi izah ediblər. Əslində onlar özləri də baş verən hadisələrdən məlumatsız olublar.
Stalinin mavzoleydən çıxarılması ilə yalnız 30 nəfər məşğul olub. Hətta bu haqda Stalinin qohumlarına da məlumat verilməyib. Tam məxfi şəkildə həyata keçirilən proses axşam saat 18-də başlayıb və noyabrın 1-i saat 7-də sona çatdırılıb.
Əvvəlcə Stalinin üstü şüşəli olan tabutu mavzoleyin zirzəmisinə aparılıb. Onu bu tabutdan çıxarıb digər bir tabuta qoyublar. Amma buna qədər Stalinin qızıldan düzəldilmiş generalissimus rütbələrini söküblər, daha sonra kitelində olan qızıl ulduzu çıxarıblar. Bəlkə də bunları anlamaq olar. Yəni onu qeyri-rəsmi olaraq rütbə və təltifdən məhrum ediblər. Amma anlaşılmayan fakt odur ki, Stalinin hərbi kitelindən qızıl düymələri sökərək, onun yerinə adi düymələr tikiblər. Bəzi araşdırmaçıların qənaətinə görə, həmin düymələri yüksəkçinlilər talisman kimi öz aralarında bölüşdürüblər.
Elə gecə ikən Stalin Kreml divarları qarşısında dəfn edilib. Üzərinə qara qranit daş qoyulub və üstünə yalnız bunlar həkk edilib: İ.V. Stalin 1879-1953. Və elə həmin gecə də mavzoley üzərindən Stalinin adı pozulub. Beləliklə də 13 saat davam edən proses sona çatıb.
10 ildən sonra, 1970-ci ildə Stalinin məzarı üstünə büstü qoyulub. Büstün müəllifi həykəltəraş Nikolay Tomskidir.
Səhərisi gün noyabrın 1-də həmişə olduğu kimi səhər saatlarında mavzoleyi ziyarət edənlər yenə növbəyə düzülüblər. Ancaq bu dəfə onlar mavzoleydə yalnız bir nəfəri görəcəkdilər – Vladimir İliç Lenini.
Stalinin mavzoleydən çıxarılması prosesində ən yaddaqalan hadisələrdən biri isə Kosıginin göz yaşlarına hakim kəsilməməsi olub. Kosıgin Xruşov komandasının gözü qarşısında Stalini mavzoleydən göz yaşları ilə yola salıb.
Stalinin mavzoleydən çıxarılmasına münasibət birmənalı olmayıb. Amma çoxları elə düşünüb ki, bu hadisə müharibədəki qələbənin müəllifi olan Stalinə qarşı böyük ədalətsizlikdir. Sözsüz ki, zaman da hər şeyə öz qiymətini verir. Statistikaya görə, Kreml divarlarının qarşısında dəfn olunanlar arasında ən çox ziyarət olunan İosif Stalindir. Bu məqamda Stalinin məşhur bir ifadəsi də yada düşür: “Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu zibil atacaqlar, amma tarixin küləyi amansızcasına onları dağıdacaq!”
Nəhayət, yarıgerçək, yarızarafat bir məşhur lətifəni də xatırlamaq yerinə düşür:
Qafqaz görünüşlü bir nəfər mavzoleyə gəlir. Bir dövrə vurduqdan sonra narahat haldə mühafizəçidən soruşur:
- Burada bığlı bir kişi də var idi, bəs o hardadır?
Mühafizəçi məsələni duyub zarafatla vavab verir:
- Ona sahib çıxanlar oldu, apardılar.
Başını bulayan qafqazlı Lenini göstərərək təəssüfünü bildirir:
- Yəqin bu yetimin heç kimi yoxdur...
Kreml kuluarlarında gedən söhbətlərdən belə anlaşılır ki, artıq “o yetim”in də sahibi çıxıb – yəqin ki, Lenini də dəfn edəcəklər.
MilliYol.Az