Prezident İlham Əliyev sentyabrın 29-da Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayırdı
Bu sərəncam dünyada “Bakı prosesi” adlandırılmış mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində QMİ-nin xüsusi yerini ifadə edir.
Bu il 10 yaşı tamam olmuş “Bakı Prosesi” multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. “Bakı prosesi” ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır.
Prezident İlham Əliyevin bu sərəncamı Qafqaz Müsəlmanları İdarəsinin və onun rəhbəri, şeyxülislam Allahşükür Paşazadənin bu prosesdə uzun illərdir apardığı fəaliyyətinə verilən qiyməti bir daha nümayiş etdirir. Aydın məsələdir ki, cəmiyyətdə həmişə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac var. Bu söz eşidilir. Odur ki, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir.
QMİ-nin bu prosesdə aparıcı mövqeyə çıxması bu günkü dünyanın gerçək reallığından doğur. Bu gün dünyada və regionda gedən proseslər ənənvi “din dövlətdən, siyasətdən ayrıdır” prinsipini xeyli dəyişdirib. Hazırkı reallıq bundan ibarətdir ki, dini sloqanlar terrorun bir alətinə çevrilib və geopolitik ziddiyətlərin əsas silahı kimi çıxış edir. Çağdaş əsrimizdə dinlər arasında mövcud fərqlərə əsaslanan «sivilizasiyaların toqquşması» nəzəriyyəsi populyarlaşıb və öz tərəfdarlarını tapıb. Siyasi maraqlarını təmin etmək üçün dindən «zərbə qüvvəsi» kimi istifadə edən bu qruplar öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə din amilindən istifadə edirlər.
Bu günkü dünyada islam dininə qarşı təşkil olunan siyasi demarşlar, bu ülvi inamı çirkin terror ləkəsi ilə ləkələməyə çalışanların rüsvay olunmasında, doğruların çatdırılmasında tanınmış ruhanilərin mövqeyi çox mühüm əhəmiyyət daşıyır.
Ölkəmizin sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycan dövlətinin üzərinə xüsusi öhdəliklər qoyur və belə vəziyyət hakimiyyətdən xüsusi həssaslıq tələb edir. Azərbaycan üçün bu xüsusilə vacibdir. Dövlətimizin son iki ili islam həmrəyliyi və multikulturalizm ili elan etməsi də etiraf edək ki bu narahatçılıqdan irəli gəlir. Ölkə daxilində bu istiqamətdə çoxşaxəli fəaliyyət var. Hər il keçirilən ən müxtəlif tədbirlər tolerantlıq ideyalarının cəmiyyətdə möhkəmlənməsində öz töhfəsini verir. Amma görünür hökumət ölkədaxili tədbirləri yetərli saymır. İndi multklturalizmin ixracına qərar verib, ölkəmizin tolerant bir məkan kimi təbliğ olunmasını hədəfləyib.
Fərqli inanclı insanları bir-birinə qarşı qoymaqla siyasi dividend əldə etmək istəyənlərin, ambisiyalı maraqların at oynatdığı bir zamanda dinlər və xalqlar arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə dini harmoniyanın saxlanılması üçün dövlətin göstərdiyi qətiyyət, apardığı işlər daxili həmrəylik üçün nə qədər vacibdirsə, Azərbaycanın bu məsələdə nümunəvi imicinin xaricdə təbliği bir o qədər mühümdür. Azərbaycan xarici ölkələrdə tolerantlıq ideyalarının təbliğini təşkil etməklə həm özünün potensialını, bu prosesdə iştirak edəcək liderlərini, və təcrübəsini nümayiş etdirir, eyni zamanda ölkəmizə qarşı hazırlanacaq real təhlükələrə qarşı dünyanın tərəqqipərvər kəsimi ilə vahid cəbhəsini formalaşdırır. Bu qlobal təhlükəyə qarşı birgə mübarizə Azərbaycanı ön cərgələrdə yer almağa onu dünyada səsi eşidiləcək dövlətə çevirir.
Görünür, dünyada tolerantlıq ideyalarının təbliği üçün şeyx Allahşükür Paşazadənin timsalında QMİ-yə prioritet verilməsində şeyxülislam faktoru mühüm rol oynayıb. İlk olaraq onu vurğulamaq lazımdır ki, şeyx Azərbaycandakı məzhəbləri özündə birlşədirən bir dini lideri olaraq tolerantlıq numunəsini yarada bilib. Digər tərəfdən A.Paşazadənin islam ölkələri və dünyadakı bütün dini cameələr arasında xüsusi nufuzu artıq çoxdandır ki, onu bu prosesin aparıcı fiquruna çevirib.
Bunun kökləri isə SSRİ-yə qədər uzanır. Ateist ölkədə Şeyxülislam kimi çalışan A. Paşazadə hələ o zamandan bu gün dünyanın tanınmış dini xadimlərinə çevrilmiş şəxslərlə əlaqəsi, dostluğu, əldə etdiyi nufuzu bu gün Azərbaycanın bu yöndə siyasətinin yürütməsinə çox kömək edir.
Şeyxin bu illərdə Şimali Qafqaza, Türkiyəyə, Avropaya səfərləri elə bu trendin təbliğinə hədəflənib. Elə təkcə 2018-ci ildə onun Rusiyaya, Qazaxstana, Avstriyaya, Şimali Qafqaz bölgəsinə mütəmadi səfərlərində, Qafqaz Xalqları Ali Dini Şurasının tədbirlərində çıxışlarında tolerantlıq və birgəyaşayış tezisləri aparıcı olub. QMİ sədrinin bu görüşləri böyük bir arealda Azərbaycanın irəli sürdüyü bu prioritetlərin təbliği üçün unikal müstəvdir. A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri bu məsələnin reallaşmasında mühüm təsir göstərir. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.
Elə bu günlərdə yekunlaşmış Bakı Humanitar Forumunda çıxışı zamanı Allahşükür Paşazadə bir daha Azərbaycanın irəli sürdüyü tolerantlıq dəyərlərinə sadiq olduğunu vurğuladı və yaxın zamanlarda Avropada bununla bağlı böyük tədbirlərə stat veriləcəyini dedi. Şeyxin öz iqamətgahında Forum iştirakçılarına verdiyi ziyafət həm də bu dini tolerantlıq mesajının bir nümayişi saymaq olar.
Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada tolerantlıq ənənələrinin yaradılmasında mühüm rol oynayıb. Odur ki, Azərbaycanın tolerantlığı Avropa üçün mayak ola bilər.
…Hər səhər Bakıda azan səsi ucalır, kilsə zəngi çalınır, sinaqoqda dua səsləri ucalır. Katolik məbədində isə yeni başlanan günün uğurlu olması üçün tanrıya dualar edilir. Bütün bunlar Bakıda baş verir. Tolerantlıq nümunəsi sayılan şəhərimizdə. Azərbaycanda heç vaxt milli və dini ayrı-seçkiliklə bağlı Avropa tarixində olduğu kimi özündə dəhşətli və utancverici izini qoymuş «qara səhifəsi» olmayıb. Burada tarixin bütün çağlarında fərqli milli kökü və dini baxışı olan insan bir yerdə mehriban yaşayıb. Ölkəmizdə insanlar dinindən və milli mənsubiyyətindən asılı olmayaraq qarşılıqlı hörmət və vahid dövlətin eyni hüquqlu vətəndaşı kimi yaşayırlar.
Belə zəngin tolerantlıq ənənələri olan ölkənin təcrübəsi dünya üçün nümunə ola bilər.
MilliYol.Az