ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsini və Trampın komandası ilə Kreml arasında gizli sövdələşməni araşdıran xüsusi prokuror qadınla şantaj edilir
Virtualaz.org ABŞ KİV-lərinə istinadən xəbər verir ki, xüsusi prokuror Robert Müllerin dəftərxanası məsələ ilə bağlı Federal Təhqiqatlar Bürosuna müraciət edib, onun gözdən salınması cəhdlərini araşdırmağı istəyib.
Belə ki, dəftərxananın hesab etdiyi kimi bəzi qadınlara xüsusi prokuroru seksual qısnamada güahlandırmaq üçün pul təklif ediblər. “Biz ötən həftə bəzi qadınlara xüsusi prokuror barədə yalan bəyanatlarla çıxış etmək üçün pul təklif olunduğu haqda eşidən kimi dərhal FTB-yə müraciət etdik”-Müllerin mətbuat katibi Piter Karr bildirib.
KİV-lər bu məlumatı təsdiq edirlər. Belə ki,ötən əsrin 70-ci illərində Müllerin hüquq kontorunda işləmiş qadınla özünü respublikaçı-lobbist Cek Berkmanın adamı kimi təqdim edən, britaniyalı ləhcəsi ilə danışan bir nəfər əlaqə yaradıb. Əvvəlcə həmin adam qadına smartfonuna şifrəli danışıq üçün işlənib hazırlanmış “Signal” proqram-əlavəsini yükləməyi təklif edib. Yüksək məxfilik rejimində aparılan sonrakı yazışmada həmin adam qadına 20 min dollar təklif edib ki, Robert Mülleri iş yerində qanunsuz seksual hərəkətlərdə və qısnamada ittiham etsin. Qadının sözlərinə görə, həmin adam onun kredit kartı borcunun dəqiq məbləğini, habelə Müllerin hüquq kontorunda işlədiyini bilirdi.
CNBC telekanalı bu fakta diqqət yetirir ki, həmin Cek Berkman bir gün əvvəl özünün Tvitter bloqunda noyabrın 1-də xüsusi prokuror Robert Müllerin seksual qısnama hərəkətlərinin “ilk qurbanını” ictimaiyyətə təqdim edəcəyini yazıb. Berkman bundan əvvəl FTB-nin prezident seçkilərinə və Tramp-Moskva əlaqələrinə dair təhqiqat zamanı yol verdikləri hansısa pozuntular barədə informasiya verən adama 25 min dollar mükafat vəd etmişdi.
Müller artıq iki ilə yaxındır ki, Tramp-Moskva gizli əlaqələri barədə təhqiqat aparır və bir çox fiqurantları dindirib, Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafortu isə həbsə göndərib.
Konqresə aralıq seçkilər yaxınlaşdıqca Trampın tərəfdarlarının da bu təhqiqatla bağlı narahatlıqları artır. Çünki belə rəy var ki, Konqresin hər iki palatasında səs çoxluğu demokratlara keçə, nəticədə Müllerin təhqiqatının mümkün nəticələrinə əsasən Trampın barəsində impiçment prosedura başladıla bilər.
“Project Syndicate” portalında bu mövzuda dərc edilmiş məqalədə deyilir ki, seçkilər yaxınlaşdıqca Trampın ultra-tərəfdarlarının zoraklılıqlara, siyasi terrora əl atacağı gözlənilən idi.
Belə ki, seçkiyə iki həftə qalmış prezidentin qəzəbli tərəfdarlarından biri tanınmış demokratlara və digərlərinə 14 bomba göndərib, xoşbəxtlikdən heç biri partlamayın. Ötən şənbə günü isə Pitsburqda sinaqoqda 11 yəhudi öldürülüb.
“Bu gün qütbləşmiş və narahat amerikan cəmiyyətinin başında milləti rahatlaşdırmaqda maraqlı olmayan, onu nifrətdən, ölümcül tərəfgirlikdən uzaqlaşdırmağa getdikcə daha az çalışan bir prezident durur”, – müəllif yazır.
Məqalədə deyilir ki, Konqresə seçkilər zamanı istənilən hadisə baş verə bilər. Müəllif Trampın seçkiqabağı tədbirlərinin demək olar, hər gün keçirildiyini və onun yalanlarının da əvvəlkindən daha çox eşidildiyini qeyd edir.Bu seçki xeyli həlledici sayılır, çünki respublikaçıların hökumətdə iki ildir davam edən dominantlığına son verə bilər.
“Adətən, yeni prezident seçiləndən sonra keçirilən konqres seçkisi onunla bağlı verdikt sayılır, çox vaxt da partiyası Nümayəndələr Palatasında gücünü itirir. Amma Tramp bu seçkini özüylə misilsiz dərəcədə əlaqələndirir. O, izləyicilərinə deyir ki, onun adı seçki bülletenində olmasa da, elə bilsinlər, ona səs verirlər.
Demokratların Senatdan çox Palatada üstünlük qazanacağına dair gözləntilər var... Respublikaçıların hər iki palatanı nəzarətdə saxlamasına dair Trampın qətiyyəti, yaxud narahatlığı anlaşılandır. Demokratlar Palataya nəzarəti ələ alarsa, yeni komitə sədrləri administrasiyanın bir sıra addımları, agentlikləri ilə bağlı təhqiqat başlada bilər, axı, həmin yerlərdə genişmiqyaslı korrupsiya sarıdan şübhələr var”, – məqalədə deyilir.
MilliYol.Az