“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinə dəyişiklik Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib
Qanun layihəsinə təklif edilən dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev bəzi ifadələrin yerində işlədilmədiyini deyib:
“Dəyişiklikdə göstərilir ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərində qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Hesab edirəm ki, bu cümlədə “ölmüş zərər çəkmiş” ifadəsi doğru deyil. Cinayətin qurbanı ölürsə, o, zərərçəkmiş şəxs kimi tanına bilməz”.
Millət vəkili Əli Hüseynli bildirib ki, bu yanaşmanı işçi qrupunun diqqətinə çatdıracaq.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə dilçilik baxımdan bu ifadənin səhv ola biləcəyini deyib: “Qüdrət müəllim müəyyən mənada haqlı ola bilər. Lakin düşünürəm ki, zərərçəkmiş şəxs yaralanıb bir müddət sonra ölə bilər. Məhz buna görə “Ölmüş zərər çəkmiş şəxs” ifadəsi işlədilib.
Daha sonra çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycanda vəkillik institutuna ehtiyac var:
“Vəkilliklə bağlı yetərincə hüquqi baza formalaşıb. Nümayəndəlik İnstitutu ləğv ediləndən sonra vəkillik institutuna ehtiyac yaranıb. Ona görə də qanunda bir az da sadələşdirmə aparmalıyıq. Xüsusən də, bu sahəyə üz tutan gənclərə imkan yaratmalıyıq. Onların təkmilləşdirilməsi üçün əvvəllər institutlar mövcud idi, indi onlar yoxdur. Hər plenar iclasda Cinayət, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Vəkilləri bir araya toplayaraq bu dəyişikliklər barədə onları məlumatlandırmalıyıq. Çoxu prosesi bilir, lakin qanundakı dəyişiklikdən xəbərsiz olurlar”.
Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib/Teleqraf.com.
MilliYol.Az