Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşünün İstanbul Bəyannaməsi qəbul olunub
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşünün İstanbul Bəyannaməsi qəbul olunub.
XİN-dən verilən məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç dövlətin xarici siyasət idarələrinin rəhbərlərinin altıncı üçtərəfl görüşü oktyabrın 30-da İstanbulda keçirilib.
Nazirlər xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannaməsinə sadiq olduqlarını vurğulayıblar.
Regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq ediblər.
Müxtəlif səviyyə və platformalarda, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşıblar.
Beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklərini vurğulayıblar.
Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bir daha vurğulayıblar.
Çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğulayaraq etiraf ediblər ki, JCPOA-nın uğurla həyata keçirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.
BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi, İran İslam Respublikasının JCPOA-ya əməl etdiyini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə vermək öhdəliklərini xatırladıblar, bu xüsusda, ölkələri arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstədiyi üçün birtərəfli sanksiyaları pisləyiblər.
Terrorizm, separatçılıq və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və onların prekursorlarının, silahların qanunsuz dövriyyəsi, insan alveri, miqrantların qaçaqçılığı, çirkli pulların yuyulması, kibercinayətkarlıq, mədəni və tarixi irsə qarşı cinayətlər və digər transmilli təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində müvafiq beynəlxalq alətlər üzərində əməkdaşlığı gücləndirmək öhdəliklərini bir daha qeyd ediblər.
Beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsinə razılaşıblar.
Beynəlxalq tranzit dəhlizləri üzərində coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialından daha da yararlanmaq və beynəlxalq tranzit sisteminə daha yaxşı inteqrasiya etmək üçün nəqliyyat infrasturukturunun inkişafı naminə əməkdaşlığın inkişaf etdirilməsi səylərini təşviq ediblər.
Üç ölkə arasında bağlılığı artırmaq üçün geniş miqyaslı layihələrin əhəmiyyətini vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun təqdim etdiyi və hər üç ölkə üçün faydalı olacaq potensialdan tam istifadə etməyi təşviq ediblər və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini vurğulayıblar, habelə hər üç ölkənin xeyrinə limanların tam imkanlarından istifadə edilməsini təşviq edilməsini qeyd ediblər.
Beynəlxalq birləşmiş nəqliyyatın regional ticarətin mütəmadi olaraq genişləndirilməsini asanlaşdıran vasitələrindən biri olduğunu qeyd ediblər və üçtərəfli ticarətin təşviqi tələblərindən irəli gələrək səmərəli, iqtisadi və effektiv intermodal nəqliyyat xidmətlərinin inkişafının stimullaşdırılmasına ehtiyac duyulduğunu vurğulayıblar.
Enerji sahəsində kommersiya əməkdaşlığının genişləndirilməsi istəklərini ifadə ediblər.
İqtisadi əməkdaşlığı möhkəmləndirməyə, sərmayə və ticarətin təşviqi üçün mövcud imkanlardan istifadə etməyə və bərpa olunan enerji, nəqliyyat, sərhəd və gömrük, bank işi, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit kimi sahələrdə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın genişləndirilməsinə razılaşıblar.
Üç ölkənin biznes dairələri arasında yeni imkanların yaradılması və iqtisadi və ticarət münasibətlərinin daha da gücləndirilməsi üçün Üçtərəfli Biznes Forumun yaradılmasını təşviq ediblər, kiçik və orta sahibkarlar arasında iqtisadi və kommersiya əməkdaşlığının daha da yaxşılaşdırılmasını dəstəkləyiblər, rəqəmsal transformasiya sahəsində üç ölkənin ictimai, özəl sektorları və akademik dairələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Türkiyə, Azərbaycan və İranın müvafiq qurumları arasında elm və texnologiya sahəsində üçtərəfli tədqiqat, inkişaf və innovasiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Humanitar sahədə, o cümlədən mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində birgə layihələr və tədbirlərin təşəbbüsü və təşviqi üzrə hazır olduqlarını vurğulayıblar.
Müvafiq Nazirlik və Agentliklərin bu və əvvəlki bəyanatlardakı müddəaların praktiki icrasına yönəldilmiş üçtərəfli əməkdaşlığı gücləndirmələri və onları həyata keçirmək üçün səylər göstərmələrini təşviq etməyə razılaşıblar.
Üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planının müddətinin 2018-ci ilin sonunda yekunlaşdığını nəzərə alaraq, fəaliyyət planının növbəti 3 ilə 2021-ci ilin sonunadək uzadılmasına razılaşıblar.
Üçtərəfli Sektoral Əməkdaşlıq Fəaliyyət Planında əks olunmuş sahələr üzrə üç ölkə arasında təkliflər mübadiləsini nəzərə alaraq, İranda mümkün qədər qısa zamanda keçiriləcək alt komitələrin ilk iclaslarında iştirak etmək məqsədilə VI görüşdən dərhal sonra öz nümayəndələrini müəyyən etməyə razılaşıblar.
Üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər.
Növbəti görüşün İranda keçirilməsinə dair razılığa gəliblər.
MilliYol.Az