28 oktyabr seçimləri Gürcüstan üçün nəticəsiz başa çatıb
Namizədlərdən heç biri səslərin yarısını qazana bilmədiyi üçün ikinci tur qaçılmazdır. Son söz, təbii ki, Gürcüstan vətəndaşlarınındır. Ancaq indidən demək olar ki, qısa zamanda ölkədə ikinci islahatlar dönəmi başlayacaq, eks-prezident Mixeil Saakaşvilinin başçılığı ilə...
Hər dəfə olduğu kimi, bu seçki də Gürcüstan cəmiyyətində artıq demokratiyanın oturuşduğunu sübuta yetirdi. Çünki, Gürcüstandan başqa postsovet məkanına aid olan heç bir ölkədə (artıq Avropa Birliyinin üzvü olan Baltikyanı respublikalardan başqa) siyasi müxaliflərin hakimiyyətdə ikinci dəfə bir-birini əvəzləməsi inqilabsız baş verməyib.
Ukraynada bu proses qanla, Ermənistanda qansız baş tutan devrimdən keçib. Gürcüstan isə bunu əsrlərlə demokratiya tarixi olan ölkələr kimi sivil yolla başara bildi. Bu, artıq qonşu ölkədə idarəetmə prinsiplərinin tam demokratik prinsiplərə əsaslandığının sübutudur. Nəticələrin necəliyindən asılı olmayaq Gürcüstanı bu böyük uğuruna görə təbrik etməyə dəyər.
Seçki prosesi başlar-başlamaz Gürcüstan siyasiləri, eləcə də vətəndaşlarla təmaslarımız belə bir qənaəti formalaşdırmışdı ki, "Gürcü Arzusu" Partiyası iqtidardan gedir. Özü də Sovetlər Birliyi dağılandan sonra Qafqazda nüfuz savaşını davam etdirən böyük güclərin iradəsi ilə yox, vətəndaşın istəyi ilə... "Gürcü Arzusu" seçicilərinin gözləntilərini doğrultmamışdı. Hətta Saakaşviliyə qatı müxalifətdə olub, ilk başda "Gürcü Arzusu"na tam dəstək verən siyasilər, ictimai fəallar, sadə vətəndaşlar açıq deyirdilər ki, Gürcüstan 6 ildir yerində sayır, ölkənin ən böyük problemi olan işsizlik aradan qaldırılmayıb, iqtisadiyyatın möhkəmləndirilməsi üçün heç bir uzunmüddətli proje həyata keçirilməyib, Saakaşvilinin ölkədən ayağını kəsdiyi kriminal yenidən əl-qol açıb, bu durum ölkədən beyin axınını sürətləndirib, işsizlər ordusu yaxın-uzaq coğrafiyaya səpələnib. Sovetlər Birliyi dağıldıqdan sonra hakimiyyəti istisnasız olaraq öz iradəsi ilə formalaşdıran Gürcüstan vətəndaşları təkcə siyasi hakimiyyəti deyil, bütünlükdə ölkəni yenidən şəkilləndirməkdə qərarlı görünürdülər.
"Gürcü Arzusu" müxalif düşərgədən gələn tənqid selinin qarşısında sözün əsl mənasında aciz qalmışdı. Partiya iki dönəm vətəndaşdan dəstək alıb iqtidarda qalmağı bacarsa da, aktivində ölkə həyatına damğa vuracaq, gələcəyi şəkilləndirəcək heç bir layihə yoxdur. İqtidarı dəstəkləyən qüvvələrin də dediyi kimi, "Gürcü Arzusu" 2 dönəm Saakaşvilinin başladığı islahatları davam etdirməyə çalışdı, amma onu da bacara bilmədi.
İqtidarın etimad itirməsinin əsas səbəblərdən biri kimi hakimiyyətin Rusiya faktorunu həddən artıq qabartmasını vurğulamaq olar. Saakaşvili dönəmində uğurla başlanan və sürətlə davam edən Avroatlantik məkana inteqrasiya prosesi "Gürcü Arzusu"nun ara-sıra Rusiyaya meyllənməsi nəticəsində ləngidi. Hakim partiya iqtisadi projelər, konkret təbii qaz anlaşmaları, ticarət imkanlarının genişləndirilməsi ilə Gürcüstan-Rusiya münasibətlərini yaxınlaşdırmağa cəhd etdi və görünür elə bunun da qurbanı oldu.
Məsələ burasındadır ki, Gürcüstan Qərbin tam dəstəyi ilə həyata keçən regional iqtisadi layihələrin açar ölkəsidir. BTC, BTK, eyni zamanda qitələrarası qaz layihələri Gürcüstan üzərində yürüdülüb və təbii ehtiyatları cüzi miqdarda olan ölkədəki qalxınma bu layihələrə görə mümkün olub. Bu gün dövlət büdcəsinin əsas gəlir qaynaqlarından olan turizm infrastrukturunun yaradılmasına görə Gürcüstan transkontinental enerji layihələrinə borcludur, "Gürcü Arzusu"nun Rusiya bazarına çıxara bildiyi cüzi miqdarda Borjomiyə, ya da şəraba yox... Obrazlı desək, suyla ölkə saxlamaq mümkün deyil.
Hakimiyyət Rusiya bazarını ölkəyə qazandırdığını özü üçün PR-a çevirsə də, ortabab analitik düşüncəsi olanlara aydındır ki, bu, Gürcüstanı öz sıralarına çəkməkdə qərarlı olan Avropa Birliyinin yaratdığı imkanlarla müqayisədə dənizdə damla kimidir. Bircə faktı vurğulayaq ki, Avropa Birliyi Gürcüstanda istehsal olunan kənd təsərrüfatı məhsullarını gömrük rüsumundan tam azad edib...
Seçki başlanan dönəmdə belə görüntü yaradılmışdı ki, "Gürcü Arzusu" hakimiyyətdə qalmaq üçün ciddi cədlər etmir. Ancaq marafon irəlilədikcə bəlli oldu ki, prezidentliyə öz namizədini irəli sürməyən partiya bütün resurslarını Salome Zurabişvilinin dəstəklənməsinə yönəldib. Bu haqda ilk bəyanatlar Vahid Milli Hərəkat Partiyasından gəldi. Eks-prezident Saakaşvilinin tərəfdarları iddia edirdilər ki, iqtidar siyasi mübarizənin qaynaq nöqtəsi olan paytaxt Tiflisdə bunu açıq həyata keçirməyi bacarmasa da, regionlarda seçicilərin ələ alınması üçün ciddi və bahalı kampaniya başladıb.
Ancaq Gürcüstanın demokratiya sarıdan bəxti həmişə gətirir. Hakimiyyətin bütün cəhdlərini, nəhəng iqtidar resurslarının çalışmalarını Salome Zurabişvili məsuliyyətiz bəyanatları ilə özü pozdu… İşğal prosesi ilə üzləşən hər ölkə üçün bu, son dərəcə ağrılı mövzudur. Söhbət qurban gedən canlardan, itirilən torpaqlardan gedir. Bu gün Abxaziya və Osetiyanın işğal altında olması Gürcüstan dövlətinin əsas problemidir. İndiyə qədər iqtidara gələn siyasi güclər açıq şəkildə belə bildiriblər. Salome Zurabişvili isə seçicilərlə görüşdə dedi ki, işğalın səbəbkarı rəsmi Tiflis olub, Rusiya ordularına hücumu Gürcüstan Ordusu başladıb. Uzun illər diplomatik fəaliyyətdə olan bir şəxsin işğal kimi son dərəcə ciddi problemə belə banal yanaşması hətta onun tərəfdarlarında belə, təəssüf doğurmuşdu. Siyasi rəqiblər üçün isə bu cümlə göydəndüşmə idi. Necə deyərlər, Zurabişvili "söhbətin mustafası"nı ilk başda deməklə, avtoqola imza atmışdı.
Birinci mərhələ başa çatdıqdan sonra rahat şəkildə demək olar ki, ölkədəki siyasi durum hakim partiyadan çox, siyasi mühacir həyatını davam etdirən eks-prezident Saakaşvilidən asılıdır. Cənubi Qafqaz ölkəsinin parlaq siyasi lideri bir dönəm məkan dəyişib Ukrayna siyasətində özünə mövqe qazanmaq istəsə də bunu bacarmadı. Səbəblər haqda geniş danışmaq olar. Ən əsaslarından biri odur ki, Saakaşvili tamamilə yanlış olaraq Ukrayna ilə Gürcüstanın miqyasını eyni görürdü. Ukrayna zəngin təbii sərvətləri olan ölkədir. Ümumilikdə ölkənin deyil, ayrı-ayrı oliqarxlarının belə əlində cəmləşən para regional iqtisadiyyata təsir gücündədir. Saakaşvili II Maydana daha çox görüntü kimi gərək olduğunu çox gec dərk etdi. Bu səbəbdən oliqarxiya ilə qaydasız döyüş sevdasına düşdü və qısa zamanda nokauta düşdü. "Ayağa qalxdıqdan sonra" isə onun bütün addımları Gürcüstana yönəlik idi. Böyük ehtimalla, Saakaşvili Ukraynada bərbad etdiyi siyasi karyerasını xilas etmək üçün yenidən Gürcüstanda hakimiyyətə gələcək.
İkinci yerin sahibi Qriqol Vaşadze ilə üçüncü yerə çıxan David Bakradzenin toplam səsləri artıq indidən 50 faizi keçir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Vaşadze 37, Bakradze 11 faiz səs toplayıb. Bakradze seçkidən dərhal sonra bütün tərəfdarlarını ikinci turda Vaşadzeyə səs verməyə çağırıb. Siyasi mənzərənin indiki şəkli göstərir ki, Saakaşvilinin indiki və eks komandaları "Gürcü Arzusu"nu tarixə göndərməkdə qərarlıdırlar.
Saakaşviil dönəmində parlamentin spikeri olmuş David Bakradze sentyabrda "Yeni Müsavat"a müsahibəsində bildirmişdi ki, rəhbərlik etdiyi Avropalı Gürcüstan Partiyası ölkənin gələcəyi naminə bir zamanlar qopduğu Vahid Milli Hərəkat Partiyasına dəstək verməyə hazırdır. Eyni siyasi iradəni Vahid Milli Hərəkatın prezidentliyə namizədi də demişdi: "Biz Gürcüstanın yarıtmaz iqtidardan qurtulması üçün siyasi tərəfdaşlarımızla ittifaqa hazırıq".
Hələlik siyasilər vədlərinə əməl edir. Vaşadze ikinci turda qələbə əldə etsə, qısa zamanda Saakaşvilinin ölkəyə girişini əngəlləyən ona qarşı qaldırılan saxta cinayət işlərinə xitam veriləcək və eks-prezindent ölkəyə qayıdıb partiyasını birbaşa Tiflisdən idarə edəcək. Yaxın aylarda isə yeni prezident növbədənkənar parlament seçkisi təyin edəcək. Prezident seçkisində qalib gələn qüvvənin parlament seçkisini də qazanacağı heç kimdə şübhə doğurmur. Beləliklə, Saakaşvili yenidən baş nazir postunu qazanmış olacaq.
Ukraynada Tramp iqtidarı ilə anlaşmayan Saakaşvilinin Gürcüstan üçün okeanın o tayından dəstək alacağı gözləniləndir. Böyük ehtimallar, hakimiyyət üçün qəribsəyən Saakaşvili vətənində yeni islahatlar dönəmi başladacaq. Bu, başarı eqosu çox zaman siyasi imkanlarını üstələyən eks-prezidentə ən azı onu Ukrayna iqtidarından dışlayan güclər qarşısında özünü təsdiq üçün "hava, su" kimi gərəkdir.
MilliYol.Az