Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Gürücüstanda prezident seçkiləri keçiriləcək
Politoloq Elxan Şahinoğlu qafqazinfo-ya açıqlamasında seçkiqabağı vəziyyəti və namizədlərin şansını dəyərləndirib.
O, bildirib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası 25 şəxsin namizədliyini qeydə alıb: "Onların 19-nu partiyalar, 6-nı isə təşəbbüs qrupları irəli sürüb. Seçkiqabağı təşviqat dövründə əsasən 3 namizədin şanslarının yüksək olduğunu müşahidə etdik.
Bunlar "Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat"ın lideri David Bakradze, "Vahid Milli Hərəkat" Partiyasının sədri Qriqol Vaşadze və Gürcüstanın eks xarici işlər naziri hakim partiyanın dəstəklədiyi xanım namizəd Salome Zurabişvilidir.
Onların hər üçünün platformasında Avropaya inteqrasiya, NATO-ya üzvlük məsələsi əsas yer tutur. Qonşu Rusiya ilə yaxınlığı namizədlər təbliğ etmir. Çünki Rusiya Abxaziya və Osetiyanı işğal edib. Ona görə də kim Rusiya ilə yaxınlığı təbliğ etsə, o prezident seçilə bilməz.
Bakradze və Vaşadze Saakaşvilinin keçmiş tərəfdarlarıdır. Bildiyiniz kimi, Saakaşvili siyasi sığınacaq alıb və seçkilərdə iştirak etmir. Amma çox ümid edir ki, ölkəsinə geri qayıtsın. Bunun üçün gərək onun tərəfdarlarından biri ya Bakradze ya da Vaşadze prezident seçkisində qələbə çalsın.
Kimin qalib gələcəyini indidən demək çətindir. Ancaq rəqabətin daha çox Vaşadze ilə Zurabaşvili arasında gedəcəyi proqnozlaşdırılır.
Buna baxmayaraq, prezidentin Gürcüstanda elə bir səlahiyyəti yoxdur. Əsas səlahiyyət sahibi parlament və baş nazirdir. Amma hər halda prezident Vaşadze və ya Bakradze seçilsə verdikləri fərmanla Saakaşvilinin geri qayıtmasını təmin edə bilərlər".
Onun sözlərinə görə, seçki prosesində aksiyalar həmişə olur: "Gürcüstanda da həmçinin, bu dönəm sakit və rəvan keçmir. Belə ki, seçkiöncəsi mitinqlər, toqquşmalar, küçə yürüşləri baş verir. Əsas odur ki, səsvermə günü seçki saxtakarlığı olmasın. Belə hal baş verərsə, Gürcüstanda vəziyyət gərginləşə bilər".
Qeyd edək ki, sabah Gürcüstanda keçiriləcək seçkilərdə xalq sonuncu dəfə öz prezidentini birbaşa seçəcək. Belə ki, 2017-ci ildə Gürcüstan Konstitusiyasına edilən dəyişikliklərə görə, növbəti prezident 300 nəfərdən ibarət Seçicilər Kollegiyası tərəfindən seçiləcək.
MilliYol.az