ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir sıra sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açır
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik “Con Batçelor Şou” radioproqramına müsahibəsində deyib.
H.Hacıyev müsahibədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycana səfəri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, 18 oktyabr və müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin enerji siyasəti, regional əməkdaşlıq və Azərbaycanın qonşu dövlətlərlə əlaqələri barədə danışıb.
“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal "ABC Radio" Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanallar tərəfindən həm canlı, həm də audio yazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Veriliş əsnasında H.Hacıyev Azərbaycanın strateji baxımdan əhəmiyyətli dövlət olduğunu qeyd edərək C.Boltonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə səmərəli müzakirələr apardığını, bu səfərin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional əməkdaşlıq və enerji layihələrinə toxunan PA rəsmisi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam etdiyini deyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu deyib.
27 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərindən danışan H.Hacıyev bu günlərdə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumuna diqqət çəkərək bu forumun qlobal xarakter daşıdığını və beynəlxalq səviyyədə humanitar məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu bildirib. O, Azərbaycanın bu gün dinamik surətdə inkişaf etdiyini, müasir, dünyəvi dövlət olduğunu və öz mültikulturalizm ənənələri ilə fəxr etdiyini vurğulayıb. (trend)
MilliYol.az