Yazıçı Əkrəm Əylisli ilə cəmi bir dəfə görmüşük, o da “Yeni Müsavat” qəzetinə müsahibə alanda
Bu, ikinci, amma telefonla olan söhbətimizdir
Özünün dediyi kimi, “atalar üçdən söyləyib” və üçüncü dəfə görkəmli yazıçı ilə söhbətləşməyi vədələşərək AzEuroNews.com-a müsahibəsini təqdim edirəm:
– Əkrəm müəllim, necəsiniz?
– Şükür, yaxşıyam.
– Bu günlərdə nə yazırsınız?
– Təzəliklə “Metro vaqonunda gün işığı” povestim saytlarda çap olundu. Yəqin ki, oxumamısınız. Hər gün əsər yazmaq da olmur axı?!
Amma o povesti 3000-dən çox adam oxumuşdu, xeyli paylaşımlar olmuşdu. Ümumiyyətlə, bizdə ədəbiyyatla bir qrup adam maraqlanır.
“Həqiqəti axtarmaq həvəsi olanda insan kitaba əl atır”
– Niyə belədir? Niyə hamı ədəbiyyatlaşmır? Məsələn, Gürcüstanda əksər cavanların əlində kitab görmüşəm, bizdə həddindən azdır…
– İnsan həqiqəti axtarmaq həvəsində olmalıdır. Həqiqəti axtarmaq həvəsi olanda insan kitaba əl atır. Bizdə həqiqəti araşdıran insan azalıb. Bu mühitdə böyük anlaşılmazlıq yaşanır. Ona görə vəziyyət belədir. Yəni, çox ağır psixoloji haldır.
Buna gündəlik oxuduğumuz informasiyalar da təsir edir. Hər gün oxuyursan ki, kişi arvadını baltaladı, qardaş bacısını bıçaqladı, kimisi özünü metroda qatarın altına atdı.
Bu hadisələrin, aldığımız informasiyanın sarsıdıcı təsiri var. İnsanlar başqa informasiyaya qaçırlar, saytlardan ölüm-itimi oxuyurlar.
– Bəlkə bu informasiyalar süzgəcdən keçirilsin, azaldılsın, onda insanların ədəbiyyata marağı artar?
– İnsanlara olan işin bir təhlükəsi yoxdur. Sadəcə, informasiyaya heyrət və həyəcanla baxırlar. Burda dərsliklərin də günahı çoxdur. Dərsliklər məktəblərdən oxucu hazırlamalıdır.
Dərsliklər çox zəifdir, estetikası yoxdur, olduqca bəsit nümunələrdir. Ona görə də 10-cu sinif şagirdinin ədəbiyyat haqda təsəvvürü olmur. Sovet vaxtı ədəbiyyat oxucusunun bünövrəsi məktəbdən qoyulmuşdu.
– Əkrəm müəllim, məncə əksinədir – “kişi arvadını baltaladı” xəbərini oxuyandan sonra hadisənin həyəcanı adiləşir deyə bu məlumatı daha ədəbiyyatdan oxumağa marağı qalmır…
– Çox dəhşətli bir məsələyə toxundun. Amma demək olar hamı Dostoyevskinin “Cinayət və cəza” romanını oxuyub. O dəhşətli hadisəni oxuyanda ədəbiyyata maraq azalmır axı?!
Sadəcə, sosial şəbəkədə sürətlə yayılan bu informasiya ədəbiyyatda oxumaqla müqayisədə sarsıcı təsiri ondan qat-qat primitivdir, bəsitdir. İnsanlarda bu xəbərlərə qulaq öyrəşir.
Bir də məni qıcıqlandıran saytların dilidir. Məsələn yazır ki, “filan qadın evləndi”. Axı qadın evlənmir, ərə gedir, kişi evlənir. Dilimizə gülünc sözlər gətirilir.
“A kişi, sən Kafka ilə eyni əxlaqi mühitdə böyüməmisən”
– Bəlkə ədəbiyyata marağın azalması yeni ədəbi nəslin yetişməməsi oldu? Axı gənc yazarlar deyə-deyə baxırsan 40 yaşı keçiblər, ortalıqda bir əsər yoxdur…
– Qabaqkı hökm sahibi olan ədəbi nəsil – Afaq Məsud, Ramiz Rövşən, Vaqif Bəhmənli, Vaqif Bayat “Azərbaycan” jurnalında yetişdilər. Dövlətin jurnalı idi, diqqət göstərilirdi.
Son dövrdə ədəbi mərkəz olmadı. Yeni nəsil də o münasibəti görmədi, çox sərt mühitdə böyüdülər. İndi o cavanların içində elə primitiv, zəkasız adamlar var ki…Hər şey haqda fikir yürüdürlər, fəlsəfə danışırlar. Düzdür, aralarında salamatı da var.
Amma əsas işi mətn həll edr. Son 30-35 ildə Azərbaycan Yazıçılar Birliyi nə qədər mətn ortaya çıxarmalı idi. Dövlətdən təqaüd verilir, amma ortaya mətn çıxmır.
Cavan nəsil çoxlu danışmağı sevir, fikir bildirməyi xoşlayır. Xarici ədəbiyyatı yaxşı bilirlər. Elə adlar çəkirlər ki, məəttəl qalırsan. Baxırsan ki, Kafkadan danışır. A kişi, sən Kafka ilə eyni əxlaqi mühitdə böyüməmisən, onun psixoloji halına bələd deyilsən.
Yəni, bir abstrakt yaranıb. Xarici ədəbiyyatı bilmək çox yaxşıdır. Amma sən mətn yaratmaq üçün öz havanda nəfəs almasan ortaya heç nə çıxmır.
“Müşfiqin sümükləri nəyinə lazımdır?”
– İndi o ədəbi mərkəz yoxdursa, yeni ədəbi nəsil yetişməməlidir? Markes, Hüqo ədəbi mərkəzdə böyümüşdülər?
– Markes Amerikadakı yazıçılarla bir havanı almışdı. Düzdür, hər bir yazıçı təklikdə, tənhalıqda yazır. Amma yazıçılarla bir ab-havada olur.
Markes tənhalıqdan çox yazıb, amma heç vaxt tənha olmayıb, ətrafı geniş olub. Hər şeyə qarışıb-qaynayıb. Eləcə də Heminquey tənhalıqdan yazıb, amma tənha olmayıb.
Bu çox geniş mövzudur. Tənhalığa heç kimi məcbur eləmirlər, daxildən gələn zərurətdir. Bizdə özlərini yalandan tənhalığa qoyurlar. İndi bunu deyəcəm, çoxları bəlkə məni söyəcək, amma sovet dövrünün səmimiyyəti bu gündən çox idi.
O vaxtkı qeyri-səmimilikdən də xoşum gəlməyib. Amma indikinə baxanda o vaxt səmimiyyət çox olub. İndi yalan demək çoxalıb. Hansısa tədbirə gedirsən, elə yalanlar danışırlar ki, mat qalırsan.
Yalan deməyə öyrəşiblər. Yalanla yaşamağa başlayıblar. Bu, dəhşətli xərçəngdir. Səmimiyyət olmayanda ədəbiyyat yaranmır, ədəbi nəsil yetişmir.
Bulqakov, Platonov kimilərin cəmiyyətə qarşı mənəvi enerjisü güclü olub ki, əsərlərini yazırdılar. Açığı, indi ciddi adamlar söz demək istəmirlər. Söz artıq təsir eləmir bu yalanların içində… İnsanlar bir-birindən uzaqlaşıblar.
Süleyman Rəhimov, Əli Vəliyev, Süleyman Rüstəm, Rəsul Rza tənhalıq mühitində öldülər. 37-dən o qədər qorxmuşdular ki, bir-birinə dərdini xəlvətcə də açıb danışa bilmirdilər.
İndi oxuyuram ki, Müşfiqin sümükləri axtarılır. Onun sümükləri nəyinə lazımdır? Get acından ölən şairləri yetişdir, şəxsiyyət elə də. Sonra deyir ki, onun ruhu burdadır. Əşi nə bilirsən ruhu hardadır? Yəni belə absurdlar olan yerdə necə ədəbiyyat, mətn yaransın?
MilliYol.Az