A.Məhərrəmov universiteti 20 il ərzində dünya səviyyəsinə qaldıra bilməsə də, onu ucqar bir rayonda fəaliyyət göstərən texnikom səviyyəsinə endirə bilib
2019-cu il Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 10 illiyi qeyd olunacaq. Üzümüzə gələn il universitetin tarixində başqa bir hadisə ilə də “əlamətdar” olacaq. Belə ki, 100 illik yubileylə bərabər universitetin rektoru Abel Məhərrəmovun da rəhbərliyinin 20 illiyi tamam olur. BDU-nun yaşının beşdə birinə bərabər müddətdə ona rəhbərlik etmiş akademikin, eks-millət vəkilinin idarəçiliyi bu qədim təhsil ocağına nə verib?
Xatırladaq ki, hər il açıqlanan dünya universitetlərinin reytinq cədvəllərində BDU bir dəfə də olsun yer almayıb. Yəni 20 il ərzində Abelin tabeliyində olan universitet nəinki dünya miqyasında, heç region səviyyəsində də tanınan təhsil müəssisəsinə çevrilməyib. Əvəzində illərlə ölkəmizin elm məbədi hesab olunan universitet zaman-zaman rüşvət qalmaqalları, korrupsiya faktları ilə gündəmə gəlib. Ölkənin ən prestijli universiteti üçün utancvericidir, deyilmi?
Dünya universitetlərinin reytinq cədvəllərini alt-üst edə biləcək "nailiyyət"
A.Məhərrəmov BDU-nu 20 il ərzində dünya səviyyəsinə qaldıra blməsə də onu ucqar bir rayonda fəaliyyət göstərən texnikom səviyyəsinə endirə bildi. İcra başçılarına sağa-sola diplom paylayan, imtahan sesiyalarında yığılan milyonlar, bürokratizm və despotik idarəçilik BDU-nun bu günkü simasıdır.
Bakı Dövlət Universitetinə indiyə qədər Əziz Əliyev, Abdulla Qarayev, Cəfər Xəndan, Mehdi Əliyev, Yusuf Məmmədəliyev, Şəfayət Mehdiyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Mirabbas Qasımov,Murtuz Ələsgərov kimi nüfuzlu şəxsiyyətlər rəhbərlik ediblər. Lakin, heç bir rektorun dövründə tələbələr rüşvətxorluğa görə etiraz aksiyası keçirməyiblər. Hələ heç bir rektor öz tələbəsini məhkəməyə verməyib. Hələ indiyə qədər heç bir rektor yüksək vəzifədə olanlara bu qədər diplom peşkəş etməyib. Ümumiyyətlə, araşdırsaq, görərik ki, yuxarı və orta məmur təbəqəsinin, deputatların, iş adamlarının əksəriyyəti öz bioqrafiyalarına zənginlik qatmaq üçün 30-40 yaşlarında BDU-nun Hüquq, Beynəlxalq Hüquq və digər prestijli fakültələrinin diplomlarını alıblar. Bəli, məhz ALIBLAR! Bu diplomların onların bioqrafiyalarını, bilik və bacarıqlarını nə dərəcədə zənginləşdirdiyi şübhəli olsa da, bəzi şəxslərin öz böyük bizneslərinin bir qolu kimi, ikinci ali təhsil diplomlarının alınıb-satılması işindən əməlli-başlı zənginə çevrildikləri heç bir şübhə doğurmur…
BDU-nun dünya səviyyəli bir ali təhsil ocağına çevrilməsi üçün dövlət tərəfindən nə lazımdırsa edilib. Hələ 2000-ci ilin 13 iyulunda mərhum Heydər Əliyev BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında fərman imzalamışdı. Ötən ilin noyabrında isə prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinə publik hüquqi şəxs statusu verildi. Sərəncama əsasən, təhsil müəssisəsi müstəqil idarəçilik sisteminə keçməlidir. Bunun anlaşılan izahı budur ki, universitetin dövlət büdcəsindən asılılığı minimuma endirilməli və özünü maddi baxımdan idarə etməsinə zəmin hazırlanmalıdır. Amma, A. Məhərrəmov nəinki verilən fərmanlara riayyət edir, əvəzində ildən-ilə dövlət büdcəsindən daha çox maliyyə vəsaiti almağa çalışır. Büdcə müzakirələri zamanı onun istəyi normal qarşılanmadığı üçün bu il BDU-ya 10 milyon manat ayrılmasına qərar verilmişdi.
BDU-da yaradılan sistemin nəticəsidir ki, tələbələrə gələcəyin elm xadimləri kimi yanaşılması əvəzinə potensial qazanc mənbəyi kimi baxılır. Bu isə hər il qanunsuz olaraq milyonlarla rüşvətin toplanmasına meydan açır. Hər il universitetdə təhsil alan 20 min tələbədən təxminən 4500 nəfəri dövlət imtahanına buraxılır. Onlardan isə 15-20 faizi həmin imtahandan kəsilir. Rubrika.Az saytına verilən məlumatlara görə, imtahandan kəsilənlərdən dövlət imtahanından keçmək üçün 4 min manat tələb olunur. 4500 nəfərin 10 faizi 450 tələbə edir. 450 tələbənin “imtahandan müvəffəq qiymət alması” isə nə az nə çox 1,8 milyon manata başa gəlir. Bu prosesin ildə 2 dəfə təkrarlanması isə 4 milyon manata yaxın vəsait edir. Böyük uğurdur, dünya universitetlərinin reytinq cədvəllərini alt-üst edə biləcək nailiyyətdir.
Media üzərindən verilən məlumatlara əsasən, BDU-da belə "maliyyə əməliyyatlarına" rəhbərliyi sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Haciyev tərəfindən həyata keçrilir. Hər semestrdə "qara kassaya", idarə olunmasına məhz onun rəhbərlik etdiyi bildirilir. Lakin, bütün bunlara baxmayaraq S. Hacıyev özünü diqqət mərkəzindən kənarda saxlamağı bacarır.Bu barədə gələcəkdə daha ətraflı məlumat verəcəyik.
Bu vəsait yalnız dövlət imtahanında yığılan məbləğdir. Digər imtahan və “zaçot”ları da nəzərə alsaq, hər il BDU-da tələbələrdən milyonlarla manat yığıldığı məlum olar.
BDU tələbələrə o qədər “qayğı göstərir” ki, hətta onlara hərbi xaidmətdə olduqları vaxt belə imtahan keçirir. Belə ki, 2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedib. Lakin, Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Məlum olub ki, hərbi xidmətdə olduğu müddətdə gecəni gündüzə qatan O. Novruzov imtahanlara ciddi hazırlaşıb və may ayında 2 günlük məzuniyyətə gələrək dövlət imtahanında iştirak edib , uğurla"imtahan” verərək hərbi xidmətə geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.
Abel Məhərrəmov 2005-2015-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Lakin, Yasamal sakinləri yalnız mətbuatdan, televiziyadan xəbər tutublar ki, A.Məhərrəmov onların deputatıdır.
Çünki, onun üzünü də elə televiziya ekranlarından görüblər. Onun hərdənbir MM iclaslarında görünməsindən savayı yaddaqalan hansısa fəaliyyəti olmayıb.
Elə 100 illik yubiləyə də bundan yaxşı hədiyyə olmaz!
Göründüyü kimi ötən 20 il BDU-nun tarixində tənəzzül dövrü kimi qalmışdır. Bu böyük elm ocağının nüfuzuna zərbə vuran, hətta prezidentin fərmanlarını belə gözardı etməkdən çəkinməyən A. Məhərrəmovun fəaliyyəti daha dərindən araşdırılsa yəqin ki, daha ciddi faktlar üzə çıxarılacaq. Yəqin ki, BDU-nun 100 illiyi ərəfəsində əlaqədar qurumlar bu faktları aşkarlamaqla, eləcə də universiteti Abelin tabeliyindən xilas etməklə Azərbaycan elminin inkişafına böyük töhfə vermiş olacaqlar. Elə 100 illik yubiləyə də bundan yaxşı hədiyyə olmaz!(rubrika.az)
MilliYol.Az