ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevanda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ münaqişəsini geniş müzakirə etdiyini deyib
Bolton “Azadlıq” radiosunun Ermənistan xidmətinə eksklüziv müsahibəsində qeyd edib ki, münaqişənin həlli üzrə Minsk prosesindən, Birləşmiş Ştatların həmsədr kimi vacib rolundan danışıblar.
“Baş nazirə dedim ki, Birləşmiş Ştatlar, Tramp administrasiyası ABŞ-ın Ermənistanla münasibətinə çox yüksək əhəmiyyət verir. Ermənistanla Azərbaycanın münaqişəsinin qarşılıqlı razılaşma əsasında həllinə pərdəarxasından, eləcə də Minsk qrupunun həmsədrlərindən biri kimi nə kömək lazımdırsa, göstərməyə hazırıq. Ortada olan çətinlikləri də anlayırıq. Amma hiss elədik ki, baş nazirin Ermənistanda əla mövqeyi var və bu məsələdə liderlik göstərmək seçkidən sonraya qalır”, – Bolton deyib.
Milli təhlükəsizlik müşaviri Paşinyan ilə Amerikanın Ermənistana birbaşa investisiyası barədə də danışdığını vurğulayıb.
Paşinyan hakimiyyətə mayda küçə etirazları nəticəsində gəlib. “Bu məxməri inqilabın gələcəyi varmı? Rusiyanın regionda böyük nüfuza sahibi olduğunu bilirik. Ermənistan, Gürcüstan və regiondakı digər ölkələrin suverenliyi sarıdan narahatlıq qalır”. Bolton radionun Ermənistan xidmətinin rəhbəri Harri Tamrazyanın bu sualını belə cavablandırıb:
“Məncə, burada daha sabit demokratiya perspektivləri yüksəkdir. Məncə, Ermənistan üçün tam suverenlik, xarici təsirdən asılı olmamaq çox vacibdir. Düşünürəm ki, burada adamlar daha çox beynəlxalq imkanlar əldə etməlidirlər, tarixi örnəklər onları çərçivəyə salmamalıdır. Birləşmiş Ştatların perspektivindən baxanda, daha çox demokratiya olarsa, Birləşmiş Ştatlarla, eyni dəyərləri paylaşan digər ölkələrlə təmas qurmaq şansları da yüksələr”.
Con Boltonun fikrincə, indiki durumda Dağlıq Qarabağ münaqişəsi üzrə tərəfləri qane edən razılaşmanın əldə olunması vacibdir. Çünki bu baş verərsə, Ermənistanın Azərbaycanla, Türkiyəylə sərhədləri açılar:
“İranla sərhədin vacib məsələ olduğunu baş nazirə izah etdim. Biz İrana maksimum təzyiq qoyulmasını istəyirik, çünki o, nüvə silahlarından əl çəkməyib. İran beynəlxalq terrorçuluğun əsas bankiri olaraq qalır. Biz onun ballistik raket proqramlarından, Suriyada, İraqda, başqa yerlərdə apardığı əməliyyatlardan narahatıq”, – Bolton vurğulayıb.
(Azadlıq radiosu)
MilliYol.Az