Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Yeni Müsavat”a geniş müsahibə verib
MilliYol.Az müsahibənin I hissəsini oxucularına təqdim edir:
– Anar müəllim, bu yaxınlarda gənc yazarlar ədəbiyyatın təbliği ilə bağlı “Hər yer ədəbiyyat” aksiyası başlayıblar. Onlar sizə də dəstək üçün müraciət edəcəklərini demişdilər. Bu aksiyanı necə dəyərləndirirsiniz?
– Mənə müraciətləri gəlməyib. Amma bu formulun özü Azərbaycan dilində qəribə səslənir. “Hər yer ədəbiyyat” Nə deməkdir? Əgər bu, ədəbiyyatı təbliğ etmək məqsədi güdürsə, mən bunu ancaq alqışlayıram və ona dəstək verməyə hazıram ki, ədəbiyyatı təbliğ edək, çox oxusunlar, çox kitab alsınlar. Ona görə də burada iki fikir ola bilməz. Ədəbiyyatın təbliği üçün hər şey etmək lazımdır.
– Gənc yazarlar adətən oxuculardan şikayətçidirlər. Sizin oxuculara münasibətiniz necədir?
Yaxud oxucuların Sizə münasibətindən razısınızmı?– Oxucuların münasibəti yaxşıdır. Amma müəyyən əsərləri oxuyurlar. Məsələn, mənim bütün yaradıcılığımdan ən çox “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni oxuyurlar. Mən istərdim ki, o biri kitablarımı da oxusunlar. Xüsusilə publisistik yazılarım çox vacibdir. Çünki orada çox aktual siyasi məsələlər də var, indiki hadisələrə münasibət də var. Əlbəttə, yazıçı üçün çox vacibdir ki, onun bədii əsərlərini oxuyurlar. Amma mən istərdim ki, bədii əsərlərlə bərabər, publisistik yazılara da maraq göstərsinlər. Çünki onlar gündəlik problemlərlə bağlıdır.
– Heç kitablarınızın tirajını və oxucu sayını əvvəlki dövrlərlə müqayisə edirsinizmi?
– Mən dəfələrlə demişəm: bütün dünyada belədir ki, tirajlar düşür. Rusiyada da elədir, yəqin Qərbdə də elədir, bizdə də bu proses gedir. Bunun çox səbəbləri var. İnternet, televiziya kanallarının çoxluğu və s. Sovet dövründə deyirdik hamı oxuyur-filan… Bəlkə bu da düz deyildi. Çünki hamı oxumalıdır. Ədəbiyyat elədir ki, gərək bunun öz xiridarları, öz həvəskarları olsun. Ona görə burada keyfiyyət kəmiyyətdən vacibdir. Təki 5 nəfər ağıllı, başa düşən oxucun olsun, nəinki 50 nəfər elə-belə, ədəbiyyata barmaqarası baxan oxucun.
–Bu mənada yazıçı Anar yazdıqlarına və yazılarına münasibətə görə heyfsilənmir ki?
– Yox. İndi ona heyfsilənirəm ki, əvvəllər görüşlərdə kitabımı gətirirdilər ki, buna imza at, indi deyirlər şəkil çəkdirək. Hamı ancaq şəkil çəkdirməklə məşğuldur. Bu da bir azardır. Əgər sən bu yazıçının əsərini oxumursansa, ya oxumaq istəmirsənsə, nəyinə lazımdır bu şəkil? Ancaq ona görə lazımdır ki, hə, filankəslə şəkil çəkdirmişəm. Çoxusu da cavanlardır, şəkil çəkdirmək istəyəndə mən də heç birinə etiraz eləmirəm. Şəkil çəkdirirəm, amma bu, məni sevindirmir. Ondansa, istərdim ki, kitab oxusunlar.
– Anar müəllim, bəlkə həm də sizin kabinet məmuru statusunda daha çox olmağınız, auditoriyalarda çox az görünməyiniz də oxunmağınıza təsir edir. Razılaşırsınızmı?
– Məni hara çağırırlarsa, gedirəm. Xüsusilə məktəblərə çağıranda heç vaxt imtina etmirəm. Hətta ən adi məktəblərə gedirəm. Elə 20 gün bundan qabaq Hövsandakı bir məktəbə dəvət etmişdilər. Getdim, orada da çox maraqlı görüş oldu, çox sevindim. Başqa məktəblərə də gedirəm.
Ali məktəblərə çağıranda da gedirəm. Hara çağırırlarsa, imtina etmirəm, amma özüm heç vaxt demirəm ki, məni çağırın, ya mənimlə görüş keçirin. Universitetlərdə maraqlı görüşlər, maraqlı suallar olur. ADA-da görüşümüz oldu, nə qədər kitab imzaladıq onlara. Mənimlə Çingiz Abdullayev getmişdi. Bundan başqa, bir liseydə görüşümüz olmuşdu. Sonra BDU-nun filologiya fakültəsində görüşüm oldu. Yəni hara çağırırlar, mən məmnuniyyətlə görüşə gedirəm.– Amma statistika onu deyir ki, bu görüşlərdə şəkil çəkdirənlər üstünlük təşkil edir, nəinki kitab oxuyanlar, eləmi?
– (Gülür) Hə, şəkil də çox çəkdirirlər. Amma o yerdə ki, kitab satırlar, orada kitab da alırlar. İndi Kitab Mərkəzi açılıb, onun rəhbəri mənim qızımdır (Günel Anarqızı-E.P.), orada da görüş oldu, mən xeyli kitaba imza atdım.
– Maraqlıdır, siz kitaba həm də qonorar gözü ilə baxırsınızmı?
– Mən 20, bəlkə də 25 ildir kitablarımdan bir qəpik qonorar almamışam.
– Hətta satışa verdiyiniz kitablardan da?
– Heç bir kitabdan.
– Özünüz imtina etmisiniz?
– Yox. Vermirlər. Təşəbbüskarı mən oldum ki, latın əlifbası ilə kitablar çıxsın. Prezident seçkiləri qabağı bunu hörmətli prezidentimizə dedim, o da sərəncam imzaladı və hətta mənə dedi ki, birinci siyahını siz tərtib edin. Mən də siyahını tərtib edib göndərdim, kitablar çıxdı. Təbii ki, öz adımı salmamışdım, Prezident Administrasiyasında saldılar, çox sağ olsunlar. Çox yazıçıların kitabları çıxıb. Amma onların içində atamın, anamın, mənim kitabım çıxıb, birindən bir qəpik almamışıq. Özü də deyirlər 25 min tirajla çıxıb. Mən varis kimi də onların kitabları üçün qonorar ala bilərdim, öz kitablarım üçün də. Ondan başqa, mən hətta bir çox kitablarımı öz hesabıma buraxıram.
– (Zarafatyana) Onda sizin əməlli-başlı alacağınız var ki…
– Alacağım var e… Hər dəfə bizim başımıza qaxırlar ki, siz Prezident təqaüdü alırsınız. Çox sağ olsun prezident! Məni hələ rəhmətlik Heydər Əliyevin vaxtında Prezident təqaüdünə salmışdılar. Amma əgər mənim bu qədər filmlərimi televiziyada göstərirlərsə, bu qədər kitablarım çıxır, bu qədər intervülər verirəmsə – o cümlədən sizin qəzetə indi intervü verirəm – onlardan mənə qonorar gəlsəydi, mən Prezident təqaüdündən beş dəfə artıq qazanardım. (Gülür)
– Açığı, qəzetlərin durumu sizin arzunuzu reallaşdırmağa imkan vermir…
– Əvvəllər vaxt var idi… Mən yazılı çıxış edə bilmirəm də. Gəlirdim, radioda şifahi danışırdım, sonra gətirirdilər ki, bu kağızda bir-iki kəlmə yaz, sənə qonorar yazaq. Biz Cenevrə müqaviləsini imzalamamışıq deyə, xaricdə çıxan kitablarımızdan, nə Rusiya da, nə Türkiyə də, çıxanlardan bir qəpik qonorar almırıq. Cenevrə müqaviləsinə Sovet İttifaqı qol çəkmişdi. Ona görə hətta Yakutiyada çap olunan hekayəmə görə də mənə pul göndərirdilər. Xaricdə çıxan kitablarla bağlı da eləcə. Amma müstəqillikdən sonra ki, biz Cenevrə müqaviləsinə imza atmamışıq, xaricdə də, burada da çap olunuruq, amma heç birindən bir qəpik gəlmir. Təki kitabları alsınlar e, indi biz dolanırıq, mən şikayətçi deyiləm. Özü də təkcə kitabı almasınlar, oxusunlar, fikirləşsinlər, müzakirə etsinlər. Ədəbiyyatsız nəsil, cəmiyyət ola bilməz. Bir də bizdə ikinci təhlükə odur ki… İlluziya yaranıb ki, hamı yazıçı ola bilər. Heç kəs demir ki, məsələn, hamı skripkaçı, yaxud futbolçu, şahmatçı ola bilər. Amma elə bilirlər ki, hamı şeir, nəsr yaza bilər. Bu, elə deyil. Musiqiçi, rəssam olmaq kimi, yazıçı olmaq da Allah vergisidir. Düşünürlər ki, yox, yazmağa nə var, otur kompüterin qabağında, nə istəyirsən yaz, pulun varsa, çap elə, ol yazıçı.
– 80 illiyiniz ərəfəsində sizinlə görüşmüşdük, bəzi planlarınızdan danışmışdınız. O vaxt dediyiniz kimi, yubiley tədbiri keçirmədiniz…
– Yox. Təklif etdilər, mən imtina elədim. Mən bilirəm ki, bu yubiley keçirmək nə qədər ağır işdir. Ona görə də özüm istəmədim. Türkiyədə mənim təşəbbüsüm olmadan – Ankarada da, İstanbulda da – keçirdilər, getdim, iştirak etdim.
– “Səhər-səhər” 80-dən sonrakı kitabların ilkidir, eləmi?
– Hə, bu, ilk kitabdır.
– Bu kitabdakı əsərləriniz mətbuatda dərc olunub. Bəs hazırda yeni əsərlər necə, yazırsınızmı?
– Hə, yazıram. İndi üç kitab üzərində işləyirəm. Biri mənim rusca çıxan üç cildliyimdir – “LİK”. Onu azərbaycanca nəşr etdirmək istəyirəm. Birinci cildini hazırlayıb verdim, nəşr olunur. Ardınca digər cildləri hazırlayacağam. 5 cild olacaq. İkincisi, elə ora daxil olan “Yaşamaq haqqında” əsərim var, onu azərbaycanca nəşr etdirəcəyəm. Ondan başqa, 20 ildir üzərində işlədiyim “Keçən keçdi, olan oldu” romanım var, onu gələn il yekunlaşdırmağı düşünürəm.
– “Nobel” mükafatı almaq istəyi əksər yazıçıların ürəyindən keçir. Sizdə necə, bu həvəs, istək yoxdur ki?
– Mən heç bir vaxt o həvəsdə olmamışam. Çünki həvəs azdır, “Nobel”in şərtləri çoxdur, o şərtlərə Azərbaycanda cavab verən hələ heç kəs yoxdur.
“Nobel”i almamışdan əvvəl gərək dünyada tanınasan. Mən deyə bilmirəm ki, bizim dünyada tanınan yazıçımız var. Mənim haqqımda “Dünyaca şöhrətli” deyiləndə deyirəm mən dünyaca şöhrətli deyiləm. Kim özü haqqında belə deyir, öz işidir. Amma mən hesab edirəm ki, bizim dünyaca şöhrətli yazıçımız yoxdur. Xaricdə çap olunmaq hələ dünyaca şöhrətli olmaq deyil. Ola bilsin sən 5-10 ölkədə çap olunubsan, amma təkcə kitabın çıxması vacib deyil. Vacibdir ki, bu kitaba reaksiya necədir? Kitab çıxandan sonra ona mətbuat necə reaksiya verdi, tənqid necə baxdı, ədəbiyyatşünaslar necə qiymətləndirdi? Onda deyə bilərsən ki, hə, məni dünyada tanıyırlar. Yoxsa kitabı çıxmaqla insan tanınmır ki. O kitaba olan münasibətlə, reaksiya ilə tanınır. O cəhətdən bizim çox talantlı yazıçılarımız var. Hesab edirəm ki, doğrudan da o şərtlər olmasaydı, elə “Nobel”ə də layiqdirlər. Amma dediyim şərtlər ki, var, yalnız ondan sonra “Nobel” almaq olar, o kriteriyalara, o meyarlara bizim heç birimiz cavab vermirik. Əlbəttə, burada siyasətin də rolu böyükdür. Çox vaxt, xüsusilə son zamanlar əsərin bədii dəyərindən daha artıq müəllifin siyasi mövqeyi əsas rol oynayır.
MilliYol.Az